Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib
Nizami Kino Mərkəzində Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
EmpaTV xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, kino sahəsində tanınmış simalar iştirak ediblər.
Tədbirdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və ARKA-nın baş direktoru Rəşad Əzizov çıxış edərək, son illərdə Azərbaycan kinosunun inkişaf dinamikasından, bu sahədə aparılan islahatlardan, əldə olunmuş nəticələrdən və gələcək planlardan danışıblar. Qonaqlara ARKA-nın son 1 ildəki fəaliyyətini konkret rəqəmlərlə əks etdirən videoçarx göstərilib.
Tədbir çərçivəsində həmçinin avqustun 25-də Laçında ilk dəfə Beynəlxalq Kino Festivalının keçiriləcəyi elan olunub və festivalın tanıtım videosu nümayiş etdirilib.
Tədbirdə İsrail, Vyetnam və Özbəkistandan nümayəndələr də iştirak ediblər.Vyetnam kinemotoqrafçılarının istehsalı olan, Azərbaycanın tanınmış rejissoru Əjdər İbrahimova həsr onunan "Narahat adam" filmi izləyicilərə təqdim olundu.
Qonaqlar ARKA-nın dəstəyi ilə istehsal olunan və bu il təhvil veriləcək filmlərin treylerləri ilə tanış olublar.
Tədbirdə kino sənayesində fəaliyyət göstərən şəxslərin bir neçə nominasiya üzrə mükafatlandırılması mərasimi həyata keçirilib.
Sonda qonaqlar bu il ARKA-nın dəstəyi ilə istehsal olunmuş 2 ekran əsərini – 1 cizgi filmi və bir bədii filmi izləyiblər.