Şeyx Nəsrullahlar

Şeyx Nəsrullahlar


Keçən əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin yazdığı “Ölülər” əsərindən yəqin ki, on adamdan heç olmasa altısının xəbəri var. Əsəri oxumayan belə, heç olmasa adını eşidib. Tamaşasına baxan, filmini izləyənlər də az deyil.

Amma “Ölülər”in yüz ildən artıq bir müddət keçməsinə baxmayaraq, hələ də “diri” qalmasının əsl səbəbi nə tamaşalarının çoxluğu, nə filminin çəkilməsi, nə də adının məşhurluğudur. Səbəb daha acıdır: əsərdə toxunulan problemlərin bir çoxu hələ də ölməyib.Təəssüf ki...

Niyyətim “Ölülər”i yenidən təhlil etmək, əsəri təqdim etmək deyil. Əsla. Sadəcə, bu günlərdə baş verən bəzi hadisələr nədənsə tez-tez Şeyx Nəsrullahı yadıma saldı. O “ölüdirildən” Şeyxi... Hətta bir az da irəli gedib deyərdim: indiki Nəsrullahlar əvvəlkindən bir qədər fərqlidirlər. Cildlərini dəyişiblər. Görünüşlərini, danışıq tərzlərini, istifadə etdikləri vasitələri dəyişiblər. Amma bir şeyi dəyişə bilməyiblər — məqsədlərini. Məqsəd yenə də eynidir: ölmüşlərin hesabına yaşamaq. Başqalarının adından özünə ad qazanmaq. Başqalarının yaratdığı dəyərin kölgəsində görünmək. Ölmüşlərin ruhunu gündəmə gətirib özünə mənfəət, şöhrət və diqqət toplamaq.

Şeyx Nəsrullah vaxtilə kasıb-kusubu, savadsızlığı və cəhaləti silaha çevirərək aldadırdı. İndikilər həm də informasiya bolluğundan ustaca istifadə edir. Vasitələr dəyişib, üsullar müasirləşib, amma mahiyyət dəyişməyib. İndi birinin qabağında kompyüter, o birinin yaxasında mikrofon, başqasının çiynində kamera, bir başqasının əlində sosial şəbəkə var. Və onlar bu imkanların yaratdığı informasiya bolluğundan istifadə edərək insanların beyninə qarmaq atırlar.

Gah Səməd Vurğunu təhqir edir, gah Şah İsmayıl Xətayiyə dil uzadır, gah Nəriman Nərimanovu pisləyir, gah da Məmməd Əmində qəbahət axtarırlar. Bu siyahını uzadıb bir qəbiristanlıq ad saymaq fikrində deyiləm. Onsuz da məsələ adlarda deyil.

Maraqlıdır, görəsən, ölənlərin bostanını daşlamaqla, onların ruhları ilə dalaşmaqla nəyə nail olmaq istəyirlər? Sanki tarix onların qarşısında hesabat verməlidir. Yüz illər boyu formalaşmış milli yaddaş onların bir neçə cümləsi ilə silinməlidir. Elə bil özlərindən əvvəl yaşayan, yaradan, mübarizə aparan, əsərlər yazan, dövlət quran, fikir formalaşdıran insanların qiymətini müəyyənləşdirmək üçün tarix onları gözləyirmiş.

Onlar yenə pis-yaxşı, doğru-yanlış, qəbul edib-etməməyimizdən asılı olmayaraq, öz izlərini qoyublar, sözlərini deyiblər. Tarixdə adları var. Bəs siz?...

Adınızı tarixə yazdırmağa, yaddaşlara həkk olmağa əməliniz, yaratdığınız bir dəyər vamı? Yoxsa yadda qalmağın ən asan yolunu çoxdan tapmısınız – özünüzdən əvvəl yaşamış böyük insanların adını hallandırmaq, onları ləkələməyə çalışmaq və bunun hesabına bir neçə gün gündəmdə qalmaq? Tarixdə iz qoymaq üçün sözün əsl və əsil mənasında böyük olmaq lazımdır. Böyüklərə daş atmaq üçünsə sadəcə biraz cahil cəsarəti və biraz da həyasızlıq kifayyət edir.

Atdığınız daşların üstünə çıxsanız da böyük görünmürsünüz axı...


Pərvanə Eyvazqızı

Top