Sosial şəbəkələrdə dini dezinformasiya: “Bu mesajı paylaşsan...” tələsi

Sosial şəbəkələrdə dini dezinformasiya: “Bu mesajı paylaşsan...” tələsi


Hər gün sosial şəbəkə lentimizi vərəqləyərkən qarşımıza maraqlı, bəzən də düşündürücü paylaşımlar çıxır. Xüsusilə dini günlərdə və ya mübarək ayların gəlişi ərəfəsində eyni tipli şəkillər, qısa videolar sürətlə yayılmağa başlayır: “Filan ay daxil olur, kim bu xəbəri bir başqasına çatdırsa, Cənnət ona vacib olar”, “Bu mesajı 10 nəfərə göndər, axşama müjdə alacaqsan” və ya “Bunu paylaşmayan günah qazanar”.
Bəs bu cür mesajların həqiqət payı nə qədərdir? Yaxşı niyyətlə etdiyimiz bir paylaşım bizi böyük bir məsuliyyətin altına sala bilərmi?

Niyyət yaxşı ola bilər, bəs mənbə?
Əksər insanlar bu cür paylaşımları pis niyyətlə etmirlər. Əksinə, savab qazanmaq, dost-tanışa xoş xəbər vermək və ya dini bir dəyəri xatırlatmaq istəyirlər. Lakin din səmimiyyətlə yanaşı, həm də məsuliyyət və dəqiqlik tələb edir.
İslam alimlərinin və hədisşünasların yekdil rəyinə əsasən, internetdə dolaşan “kim bu ayı xəbər versə, Cənnətlə müjdələnər” tipli ifadələrin heç bir mötəbər dini mənbədə (Məhəmməd Buxari, Müslüm ibn Həccac və s. kimi səhih hədis külliyyatlarında) əsası yoxdur. Bunlar zamanla xalq arasında formalaşmış, son illərdə isə sosial şəbəkələrin alqoritm mexanizminə uyğun olaraq bəyənmə  və izləyici toplamaq naminə uydurulmuş informasiya tullantılarıdır.

Dində adından söz uydurmağın məsuliyyəti
İslam əxlaqında ən həssas məqamlardan biri Məhəmməd Peyğəmbərin (s.ə.s.) adından demədiyi bir sözü uydurmamaq və ya doğruluğu şübhəli olan məlumatı ona nisbət etməməkdir.
Məşhur səhih hədislərin birində Peyğəmbərimiz belə buyurur:
 “Mənim adımdan bilərək yalan uyduran şəxs Cəhənnəmdəki yerinə hazırlaşsın.” (Mənbə: Səhih əl-Buxari, 110; Səhih Müslüm, 3)
Yəni dinin adından verilən hər bir yalan və ya uydurma məlumat  niyyət nə qədər müsbət olursa-olsun  böyük mənəvi məsuliyyət daşıyır. Dini müjdələri və ya hökmləri  şablon paylaşımlardan öyrənmək və yaymaq dezinformasiyaya alət olmaq deməkdir.

 Manipulyasiya
Bu tipli yazılar psixoloji olaraq insan tərəddüdü üzərində qurulur:
 Qorxutma və ya şirnikləndirmə: “Paylaşmasan bəla gələr” və ya “Paylaşsan Cənnətliksən”.
 Kütləvi psixologiya: “Hamı paylaşır, deməli, düzdür”.
Real həyatda necə ki, təsdiqlənməmiş tibbi və ya hüquqi məsləhətə inanmırıqsa, rəqəmsal dünyada da dini məlumatlara qarşı eyni ayıqlığı göstərməliyik. Dinin əsas qaynaqları Qurani Kərim və səhih sünnədir, sosial şəbəkə zəncirləri deyil.

Ne etməliyik?
 Mənbəni sorğulayın: Qarşınıza çıxan hər hansı bir dini kəlamın, hədisin altında konkret hansı mənbədən (məsələn, Buxari, Müslüm, Tirmizi və s.) götürüldüyünü axtarın. Mənbəsiz və şişirdilmiş  məlumatlar verən mətnlərə şübhə ilə yanaşın.
  Zənciri qırın: “Bu mesajı 10 nəfərə göndər” şərtini görəndə o paylaşımdan yan keçin.
 Doğru məlumatı paylaşın: Cəmiyyəti maarifləndirmək istəyirsinizsə, uydurma mesajları deyil, mötəbər mənbələrdən yoxlanılmış, faydalı və dəqiq bilikləri bölüşün.
Unutmayaq ki, rəqəmsal savadlılıq  həm də qarşımıza çıxan hər informasiyaya məsuliyyətlə yanaşmaqdır. Dinimizi və mənəvi dəyərlərimizi dezinformasiyadan qorumaq hər birimizin mənəvi borcudur!

Qədirli Aysu
Top