Məşhurluğa yox, xarakterə baxın...

Məşhurluğa yox, xarakterə baxın...


Və ya biz kimə nəyi təbliğ edirik?
Bəzən cəmiyyətdə bir insanın nəyə nail olduğuna o qədər fokuslanırıq ki, həmin nəticəyə necə çatdığı ilə heç maraqlanmırıq da. Halbuki xüsusilə gənclər üçün yalnız uğurun özü deyil, o uğura aparan yol da vacibdir. Çünki hər parlaq nəticənin arxasında örnək götürüləsi bir həyat yolu dayanmır.
Son vaxtlar tikinti sahəsində “tanınan” şəxslə bağlı müxtəlif verilişlərə və paylaşımlara rast gəlirik. Həmin şəxs müsahibələrində ilk mənfəətini bir sıra insanlara kələk gəlməklə qazandığını, oğurlanan pulları və başına gələn xoşagəlməz hadisələri isə bir növ “oğrudan oğruya halaldır” prinsipi ilə qəbul etdiyini etiraf da edir.

Bəli, bu gün onun böyük imkanlara və maddi sərvətə sahib olması danılmazdır. Amma burada çox vacib bir sual yaranır: bir insanın əldə etdiyi nəticə onun keçdiyi yolu avtomatik olaraq doğru və örnək saymağa əsas verirmi?

Həyat yalnız “nə qədər qazandın?” sualından ibarət deyil. “Necə qazandın?”, “Kimlərin haqqına girdin?”, “Arxanda nə qoydun?”, “Səndən sonra gələnlərə hansı nümunəni göstərdin?” sualları da ən az birincisi qədər vacibdir.

Bir insanın varlanması, tanınması və böyük imkanlara sahib olması gənclər üçün avtomatik olaraq örnək sayılmamalıdır. Əksinə, onun həyat yoluna bütöv baxmaq, həm uğurlarını, həm də səhvlərini görmək lazımdır.

Bir ara kriminal aləmin “qəhrəmanlarını” əks elətdirən “Qızılbarmaq kimsə”, “Lotu filankəs”, “Qaranlıq dünyanın adamları” və bu qəbildən olan kitablar böyük tirajlarla çap edilərdi. Fərqli yaş kateqoriyasından olan insanlar da həmin kitabları oxuyur, oradakı obrazlar, onların həyat tərzi, danışıq üslubu, qəhrəman kimi təqdim olunmaları bir çoxlarında maraq yaradırdı. Bir müddət sonra isə yetişməkdə olan bəzi gənclərin dilindən “a ye, jizn voram” kimi ifadələri eşitmək adi hala çevrilmişdi. Və... nəticə olaraq da gənclər, yeniyetmələr arasında xırda xuliqanlıq və cinayətlərin sayının nisbətən artması, təhsildən yayınma, qadağan olunmuş maddələrə meyillilik və başqa bu kimi fəsadlarla üzbəüz qaldıq.

Məsələ təkcə bir neçə kitabın oxunması deyildi. Əsas təhlükə cinayətkar həyat tərzinin, zorakılığın, “avtoritetliyin”, asan və qeyri-qanuni qazancın romantikləşdirilməsi idi. Bir obrazı maraqlı göstərmək başqa şeydir, onun həyat tərzini nümunə kimi təqdim etmək isə tamam başqa.

Bu gün həmin proses başqa formada qarşımıza çıxır. Sosial şəbəkələrdə, televiziyalarda var-dövlət, bahalı avtomobillər, dəbdəbəli həyat, asan qazanc və “heç kimdən qorxmamaq” üzərindən qurulan “azad”, “sərbəst” həyat tərzi bəzən uğur modeli kimi təqdim olunur. İnsanların keçdiyi çətin yollar, etdikləri səhvlər, əldə etdikləri imkanlar və bəzən mənəvi baxımdan mübahisəli davranışlar arxa plana keçirilir, ön plana isə yalnız nəticə çıxarılır. Gənc insan isə təbii olaraq nəticəyə baxır: “Bu adam bacardı, deməli, mən də onun kimi ola bilərəm”- deyir.

Amma əsl sual budur: “Nə bahasına?”

Bu baxımdan yalnız kriminal keçmişi və ya mübahisəli həyat yolu olan şəxsləri deyil, dünyaca məşhur milyarderləri də düşünmədən örnək götürmək düzgün deyil. Məsələn, Bill Geytsin “Harvard”da təhsilini yarımçıq qoyaraq Microsoft-a yönəlməsi tez-tez belə təqdim olunur: “Universiteti bitirmədi, amma milyarder oldu.” Bu cümlədən isə bəzi gənclər yanlış nəticə çıxara bilər: “Deməli, oxumağa ehtiyac yoxdur.” Halbuki məsələ heç də belə sadə deyil. Gates varlı ailədə böyüyüb, yaxşı təhsil imkanlarına sahib idi, erkən yaşlarından kompüterlə işləmək fürsəti əldə edib və dövrünün çox az insanında olan resurslara çıxışı olub. Onun universiteti yarımçıq qoyması da sıradan bir məktəbli üçün təkrarlana biləcək uğur resepti deyil. Eyni şeyi başqa məşhur milyarderlər haqqında da demək olar. Məsələn, Elon Maskın həyatına yalnız “risk etdi və milyarder oldu” prizmasından baxmaq düzgün deyil. Onun arxasında illərlə əldə etdiyi biliklər, texniki bacarıqlar, sahib olduğu imkanlar, qurduğu şirkətlər, uğursuzluqlar, böyük risklər və uzunmüddətli əmək dayanır.

Burada məqsəd nə Bill Geytsin, nə Elon Maskın, nə də başqa uğurlu insanların nailiyyətini kiçiltmək deyil. Əsas məsələ onların həyatından doğru nəticə çıxarmaqdır. Bir insanın istisnalıq təşkil edən həyat hekayəsini milyonlarla gəncə “uğurun düsturu” kimi təqdim etmək olmaz.

Gənc bir insan: “O məktəbi bitirmədi, amma milyarder oldu” deyə düşünməkdənsə, “O, hansı imkanlara sahib idi? Nə bilirdi? Hansı bacarıqları vardı? Neçə il çalışdı? Hansı riskləri gözə aldı? Mən öz həyatımda bundan nə öyrənə bilərəm?” suallarını verməlidir. Çünki sağlam cəmiyyətə lazım olan məktəbdən, universitetdən, kitabdan və elmdən uzaqlaşaraq asan uğur axtaran gənc deyil, öyrənən, düşünən, peşə sahibi olan, zəhmətdən qorxmayan və qazancının halal yolunu axtaran gəncdir.

Bu gün düşünmədən (bəlkə də elə düşünərək) kimisə reklam etmək, onun həyatını maraqlı və cəlbedici göstərmək asan olsa da, cəmiyyətə hansı dəyərin təlqin edildiyinin nəticəsi sonra üzə çıxır. Sosial şəbəkələr, telekanallar və müxtəlif platformalar vasitəsilə hansı həyat modelini gənclərimizə təqdim etdiyimizi düşünməyə dəyər. İnsanların yalnız “nə qədər qazandığını” göstərmək, amma necə qazandığını danışmamaq təhlükəlidir.

Əsl uğur başqasını aldatmaqda deyil, öz əməyinlə qazanmaqdadır. Əsl güc başqalarını susdurmaqla, qorxutmaqla deyil, insanların sənin xarakterinə, biliyinə və əməyinə görə sənə hörmət etməsi ilə qazanılır.

Ona görə də gənclərə bunlar təlqin olunmalıdır: qarşınıza çıxan hər “uğur hekayəsinə” kor-koranə heyran olmayın. Sosial mediada və televiziya ekranlarında gördüyünüz dəbdəbəli həyata, bahalı avtomobillərə, böyük sərvətə baxıb, həmin insanı avtomatik olaraq özünüzə örnək seçməyin. Sərvətə yox, dəyərə baxın. Təkcə nəticəyə yox, səbəbə və yola da baxın. Məşhurluğa yox, xarakterə baxın. Hər parıldayan şey qızıl olmadığı kimi, hər varlı insan da örnək deyil, hər məşhurun həyat hekayəsi də təkrarlanmağa layiq olmur.

Bəlkə də bu gün bütün bunların fərqinə tam varmırıq. Amma bu gün gənclərimizə hansı dəyərləri aşıladığımızın nəticəsini yaxın gələcəkdə daha aydın görəcəyik.

Allah axırımızı xeyir eləsin...

Pərvanə Eyvazqızı
Top
×
Axtarış