Müharibələr, analar

Müharibələr, analar


  

 O vaxt gənc ana idi. Vətənindəki oğullar artıq oyanmışdı. Torpağı öz canlarından artıq sevdiklərini önə çəkib, analarının onları öz canından artıq sevdiklərinə bilərəkdən göz yumduqları zaman başlamışdı. Elə bil şəhadət acı idilər. Mitinqlərdəki gurultunu top-tüfəng səsi əvəz etməyə yenicə hünər eləmişdi. İki qonşu xalqın arasına girənlər sülhsevər qiyafəsini geyib televizorlardan yalan söylədikləri günlər olsa da, hər iki tərəfdəki anaların müharibə odunun kənardan söndürüləcəyinə inamının azaldığı zaman idi.

   Dünən bir sənədli filmə baxmışdı. Bir erməni qarısı rus əsgərinə sarmaşıb çiyinləri silkələnəsilkələnə ağlayırdı. Bəlkə də heç qarı deyildi. Amma yanmış ağaca oxşadığına görə ona qarı deyirdi. Düşündü ki, ona görə ağılarda deyirlər ki, "Analar yanar, ağlar". Qarı rus əsgərinə yalvarırdı ki, kömək edin, müharibə dayansın.

Neçə il qabaq qızı ölən anasını xatırladı. O, qəfil xəbəri eşidib matəmə gələn oğluna sarmaşmışdı. Onun da çiyinləri silkələnə-silkələnə ağlayırdı, yanan ağac kimi əlləri qaralmışdı. O vaxt qəfil qoca göründü, anası.

Demə, analar hamısı eyni cür ağlayır, yana-yana. Sadəcə, onun anası öz oğluna sarılmışdı. Gənc ana həm öz anasından, həm o qarıdan ayrılıb təzədən televizor ekranına baxdı. Rusiyadan gələn nümayəndə zaldakılara ağ yalan danışırdı: "Biz prokurorluq adından söz veririk ki, heç kimi cəzasız qoymayacağıq. Uzun illərdən bəri qardaş iki xalqı...".

Gənc ana əsəbləşdi: "Görəsən, bu sözləri deyən adam, dediyinə inanır? Kökü, dini, əqidəsi başqa olan kəs qardaş deyil axı. Hə, qanda qarışıq var. Qonşu desin, heç olmasa. Adam danışdığı yalana özü inanmasa inandıra bilmir. Məsələn, burada bir nəfər, yəni mən inanmıram. Çünki bu söhbəti, bu ədanı çoxdandır görürəm, həmin qanun keşikçiləridir, həmin qanunları yazanlardır. İzdihamlı günlərdə həmin qanun keşikçiləri yoxa çıxmışdı."

Zaldakıların üzləriylə danışanın gözləri ekrana gəldikcə hər iki tərəf nəyləsə bir-birinə getdikcə daha çox oxşayırdı. Gənc ana bu oxşarlığı axır ki, tapdı. İnamsızlıq.

Yenə də yadına yana-yana ağlayan erməni qarısı düşdü. O vaxt filmə baxanda özünü saxlaya bilməmişdi. Əvvəlcə ayaqlarının ucundan başlayan istilik get-gedə qalxıb od kimi boğazında tıxandı. "Analar yanar, ağlar", Anlamadı. Baş verənə inanmadı. Çünki artıq xeyli müddət idi özünü başqa şeylərə inandırmışdı: "İlanın ağına da lənət, qarasına da. Düşmənin anası da düşməndir". Amma film boyu içini qarsıyan nə idisə, bu fikirləri tüstü-dumana bürüyürdü.

Qulağına Topxana harayına çıxanların səsi gəldi: "Mik-ra-fon, mik-ra-fon". Bu səs daxilindəki güclü rəhm hissini boğmaq üçün köməyə gəlmişdi. Güclü olsa da, düz ürəyindən boğazına gedən yolda səsin gücü tükəndi, yoruldu. Ananın rəhmi daha güclü idi. Boğazındakı istilikdən boğulduqda, qarı rus əsgərinə sarmaşıb yandıqca, bu odu söndürən qəhər onun çiyinlərinə qalxıb bu ananı da silkələdi. İkisi də yana-yana ağlayırdı. Biri vətəni qorumaq üçün gedənlərinə, biri özgə torpağından ölüb qayıdanına.

Yenə sənədli filmdəki qarıyla öz arasındakı sərhəddən geri dönəndə televizordakıları gördü. Moskvadan gələn prokuror yalanını bitirə bilmirdi. Çünki zalda qadın üzündən çox kişi üzünə oxşayan qadınlar rəsmi nümayəndələr kimi ona qulaq asırdılar.

Bir anlığa fikirləşdi: "Bu qədər danışıb vaxtı uduzmaqdansa, yana-yana ağlayan o qarını tapıb bura gətirsəydilər və ona söz versəydilər, bu zalda oturan üzü qadın üzündən çox kişi üzünə oxşayan qadınların da heç olmasa yarısı çiyinləri silkələnə-silkələnə ağlayardı. Çünki o biri millətin içində əsl həqiqəti bu qarı duymuşdu. Öldürülən oğlu üstünə gələndə Qarabağın Azərbaycan olduğu həqiqətin zərbəsindən ayılıb duymuşdu. Hələ DƏMİR YUMRUĞUN ZƏRBƏSİNDƏN ÇƏKİNİB QARABAĞ AZƏRBAYCANDIR DEYİB PEŞMAN OLACAĞI GÜN İRƏLİDƏ İDİ! Yalana əvvəl özü inanıb, sonra övladını inandırdığına peşman olacağı günlər qabaqdaydı.

Balasının qumaş bayraqla bəzədilən tabutu üstünə gələn analar da eyni cür, yana-yana, ağı deyib ağlayır. Onlar şəhid balası üçün ağlayıb öz oğlunun tabutuna sarmaşır. Müharibəni törədənləri lənətləyib Allaha tapşırır, fəryadları ərşə çatanacan nalə çəkirlər. Çatdı, susurlar. Bayraq kimi balalarının üstünə sərilirlər, hər çiyinləri silkələndikcə onların qəlbinin tüstüsü dalğalanıb dünyanın kor gözlərini yandırır. O zaman çarəsiz anadan dönürlər aslan balasını itirmiş, artıq heç nəyi itirəcəyindən qorxmayan ŞƏHİD ANASINA.

ANALARIN YANAN QƏLBİNİN DALĞALARI BİR MAHNININ SƏDASINI DÜNYAYA YAYIRLAR:

Ana qəlbim odlanır, söz düşəndə davadan.

Bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?!

Bəs deyilmi, qara torpaq su içdi göz yaşından?!

Almaz Xanlarova

Top