Azərbaycan qadını

Azərbaycan qadını


1960-cı ildə lentə alınan bu film S.Vurğunun “Aygün” poemasının motivləri əsaslarında çəkilmişdir. Səməd Vurğun bu əsəri sanki hər bir dövr üçün yazıb-yaratmışdır. Əsərin mərkəzində dayanan Aygün obrazı, Azərbaycan qadınının dözümünü, sənətə olan sevgisini və ailə ocağını qorumaq fədakar gücünü təcəssüm etdirir. Aygünün hekayəsi bir çox xanımların cəmiyyətdə qarşılaşdığı çətinliklərin bariz nümunəsidir. Aygün musiqi məktəbində oxuyan çox güclü tələbədir və Əmirxanla evlidir. Əmirxan da təsərrüfat işləri ilə məşğuldur. İş elə gətirir ki , musiqi məktəbinin istedadlı tələbəsi olan Aygün, yoldaşı Əmirxanın "Qadının yeri ərinin yanıdır" düşüncəsilə qarşılaşır. Şəxsi arzularını, sənətini yarımçıq qoyaraq həyat yoldaşının arxasınca Muğana gedən Aygün, burada həm daxili böhran, həm də ətrafın anlayışsızlığı ilə mübarizə aparır. Çox keçmir ki, Əmirxan kənd həyatından sıxılır və yenidən şəhərə qayıtmaq istəyir . Onlar yenidən şəhərə qayıdır. Düzələcəyini düşünürsünüz? Təbii ki, Əmirxan yenidən dostlarına qoşulur və hər gün içir.
Əmirxanın məsuliyyətsizliyi, içki aludəçiliyi və həyat yoldaşının sənətə qayıtmaq istəyinə göstərdiyi alçaldıcı münasibət, zamanla ailənin təməllərini sarsıdır. Qızı Ülkərin dünyaya gəlməsi də Əmirxanı dəyişmir və Aygün sonda dözümsüzlük həddinə çataraq bu "səadət sarayını" tərk etmək məcburiyyətində qalır.
Aygün ayrılıqdan sonra belə təslim olmur. Zəhməti və istedadı sayəsində cəmiyyətdə tanınan, məşhur bir sənətçiyə çevrilir. Lakin uğur qazandığı halda, cəmiyyətin əsassız dedi-qoduları və mühakimələri onu yenidən hədəfə alır. Əliyarın ona qarşı olan səmimi hissələrinə baxmayaraq, Aygün daxili sədaqətini qoruyur. Ətrafdakı insanlar Əliyarla Aygünün sevgili olması haqqında əsassız dedi-qodu yayır. Əliyar isə bunu vicdanına sığışdırmır və Əmirxana bunların hamısının yalan olduğunu, Aygünün ancaq onu- Əmirxanı sevdiyini söyləyir.
Bu hekayədə xüsusilə vurğulanmalı olan ən mühüm məqamlardan biri Aygünün övladına olan münasibətidir. Aygün illər boyu qızı Ülkərin qəlbində ata obrazını zədələmir. Əmirxanın səhvlərini uşağa hiss etdirmir, ona qarşı kin bəsləməsinə icazə vermir. Ailə dağıldıqda övladı tərəf seçməyə məcbur etməmək, onun uşaqlıq dünyasını böyüklərin münaqişəsindən qorumaq müasir valideynlik üçün də böyük bir örnəkdir.
Filmin sonunda xəstələnən Əmirxanın kömək harayına Aygünün dərhal cavab verməsi Azərbaycan qadınının qəlbigenişliyini və bağışlamaq bacarığını göstərir. Ailə hər şeyin mükəmməl olması deyil, bəzən böyük səhvləri kiçik sayaraq yenidən bir araya gələ bilmək fədakarlığıdır.
Lakin bu hekayədən çıxarılacaq ən böyük həyat dərsi qadınlarımızın öz dəyərini bilməsində yatır. Aygün bağışlasa da, müasir Azərbaycan qadını hər zaman özünə hörmət edən, hisslərinə dəyər verən və onu ucaldan "Əliyarları" seçməyə layiqdir. Qadın varlığı sadəcə fədakarlıqdan ibarət olmamalı, Layiq olduğu sevgini və dəyəri yaşamalıdır.

Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova



Top