Ümid qadın...
Hamı başsağlığına gəlmişdi. Həyətdəki mağar dolub-boşalırdı. Hamı - cavanından yaşlısına qədər, arvadlı-kişili mərhuma rəhmət diləyirdi. Onun əməllərindən, xoş sözlərindən, yaxşı adam olmasından danışırdılar. Bu cür insanların tez ölməyinə heyfsilənirdilər. Hətta bəziləri içdən Allaha etitraz da edirdi. Elə davranırdılar sanki Yaradan ölən bu “yaxşı adam”ı diriltsəydi, kimsə özünü onun əvəzinə “pis adam” kimi qurban verməyə hazır idi. Əslində isə hamının üzdə göstərə bilmədiyi, qəlbinin dərinliyində qəribə bir sevinc gizlənmişdi – nə yaxşı ki, əzrayıl bizim qapını döymədi, doğmalarımdan kimisə aparmadı bu səfər. Hələlik...
Yaxşı ki, bizim adət-ənənələrimizdə “qəbrin üstü bağlanmamış qadınlar məzarlığa getməməlidir” kimi bir qayda var. Yoxsa ərinin sevgisinə möhtac olan qadınlar ruhsuz bədənin torpağa da qarışmağına imkan verməzdilər. Bəziləri sevdiyindən, bəziləri də sevgisizliyindən. Bəziləri eşqindən, bəziləri də nifrətindən.
Şair demişkən:
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var...
Heç o qara paltarlı qadınlar da bir olmur, atam balası. Seviləni var, sevilməyəni var... Ölüsünün arxasınca qayıtsın deyə ağlayanı var, göz yaşını su əvəzi içinə axıdıb illərlə yanan ürəyinin alovonu söndürməyə çalışanı var. Yas saxlayıb qara geyinəni var, qəlbini qaraldan günlərinin rəngini çıxarıb əyninə ipək libas edəni var.
Hamı qəbrüstünə hazırlaşırdı. Maşınlara elə həvəslə sanki öləni geri qaytarmağa gedirdilər. İllərdir qonşuluqda yaşayan da maşına oturdu, mərhumun üzünü ömründə bircə dəfə görən də. Əslində hamı öz ölüsünü yad etməyə tələsirdi. Əllərinə düşən bu fürsətdən istifadə edib, məzarlıqda yatanlarına da baş çəkəcəkdilər. Darıxmışdılar axı.
Göz yaşı ümidlə gözlənilən o qara paltarlı qadın daşa dönüb oturmuşdu. Hərə bir tərəfdən onu öz maşınına tərəf çəkməyə çalışsa da, yerindən tərpənmək fikri yox idi. Yavaşça, ancaq özünün eşidə biləcəyi pıçıltılı bir səslə dedi:” sağlığında mənə nə gün verdi ki, indi ölüsünü ağlayım?”
Pərvanə Eyvazqızı