Döz yükümüz dilə gəlir...

Döz yükümüz dilə gəlir...


Qadının iç səsi

Zamanın əsirinə çevrilirik bəzən. Bəzən də əsiri olduğumuz insanlar və hadisələrlə savaşaraq ömrümüzü puç edir, ruhumuzu yaşayarkən öldürürük. Özü də fərqinə varmadan...

“Yetər!” dediyimizdə başlamırmı həyat?

Bəzən acı həqiqətlərlə bir bütöv olursan. Mən var olan ruhun əsarətinin səsi, vicdan yükünün kölgəsiyəm demədən, bütün bunlarla barışırıq. Qorxduğumuz “nə deyərlər?”lərin əsiri olduğumuz həyatın içində özümüzü itiririk.

Kimlərdir onlar?

Bəlkə də iç səsimizdir, qəlb yükümüzdür. Ta uşaqlıqdan çiynimizə yüklənən, təməli qədimlərə dayanan “döz” yükümüzdür.

Biz “nə deyərlər?” tərəfindən qoyulan mühakimələrin qurbanı olduqdan sonra öz səsimizlə var olmadıqmı?

Qadın yaradılışı ilə, var oluşu ilə öz möhürünü vuran bir varlıqdır. Mən yaradılışımın, məni var edən ailəmin qurbanı yox, gücü olan Qadınam!

Hanı o “nə deyərlər?”
Haradadır?
Kimlərdir onlar?

Bir sirr açım...

İlk başda ailədən, daha sonra isə ətrafdan gəlir o səslər. Əvvəl hamı dəstək olur, sonra hər biri üstünə bir “amma” ilə gəlir:

“Saçını yığ, açıq gəzmə.”
“Boşanmısan, qısa geyinmə.”
“Dar şalvar geyinmə.”
“Saçını kəsmə.”
“Makiyajını sadə et.”
“Donunun yarığını bir az az et.”
“Saçını saraltma.”
“Dırnaqlarını əlvan rəngə boyama.”
“Ucadan gülmə!”

Və beləcə, “nə deyərlər?”lərlə başlayan saysız-hesabsız mühakimələr, qınaqlar...

Nə dəyişir?

Sadəcə bir əsirlikdən başqa bir əsirliyə transfer olunan Qadın...

Qadının iç səsini duyan olurmu?

Qadın olmaq bu qədər çətin olmamalıdır!

Qadın elə bir gücdür ki, onu yanında saxlamaq üçün hər kişinin mənəvi gücü yetmir. Kişi gücünü qadın üzərində tətbiq edirsə və qadının getdiyi ailədə söz haqqı yoxdursa, qadın susmalıdırmı?

Qadın haqlarını ilk gündən sərgiləməsə, o qadın hər zaman əziləcəkmi?

Bilirəm, çoxları qınayacaq. Yenə “nə deyərlər?” deyib danışacaq.

Bu yaxınlarda bir hadisənin şahidi oldum.

Bir ata uşağını reabilitasiyaya gətirmişdi. Hamı onun necə yaxşı ata olduğunu, uşağı ilə necə məşğul olduğunu deyir, onu tərifləyir, “əhsən” söyləyib alqışlayırdı.

Lakin ən çətin zamanlarda — qışın soyuğunda, yağışlı havada uşağını qucağında aparan anaya heç kim “əhsən” demirdi.

Nədənsə, biz cəmiyyət olaraq kişinin etməli olduğu hər hansı bir işi gördükdə bunu böyük bir fədakarlıq kimi təqdim edir, kişini alqışlayırıq.

Səbəb?

O kişini dünyaya gətirən biz qadınlar deyilikmi?

Kimisə ucaldırıqsa, o zirvə hər kəsə məxsus olmalıdır. Hər bir insan öz vəzifəsini bilir və onu vicdanla yerinə yetirirsə, o zaman “qadın və kişi vəzifəsi” anlayışı aradan qalır. Sadəcə insan olmaq qalır.

Mən çox xatırlayıram...

Məhz oğlan övladı olsun deyə qadına zülm edən, döyüb-söyən, iki qız dünyaya gətirdikdən sonra aparıb ata evinə qoyulan gəlinləri...

Qayınanasına baxsın deyə ailəsini kəndə aparıb, özünün şəhərdə kef-damaqda yaşayan “ərləri”...

Uşağı olduqdan sonra ağlayan körpəni susdursun deyə bağıran ataları...

Və yenə qadın günahkar olur!

Haqq haradadır?
Ədalət haradadır?

Yoxsa cəmiyyət olaraq qınanan yalnız biz qadınlarıq?

Qadın elə ali, elə uca bir varlıqdır ki, ona uzanan əl kökündən baltalanmalıdır.

Ara-sıra eşidirəm:

“Qadın güzəştə getməlidir.”
“Qadın bağışlamalıdır.”
“Qadın səbir etməlidir.”

Hansı qanunda belə bir maddə var?

Dinimizdə də qadının zülmə boyun əyməsini əmr edən belə bir ayə, belə bir hökm yoxdur.

Kişi güclü olduğu üçün qadına güc tətbiq etmək üçün deyil, qadına dayaq olmaq, onu qorumaq və ucaldtmaq üçün yaradılıb.

Güclü kişi xanımını ucaldar, qocaltmaz.
Vaxtsız saçlarını ağartmaz.
Simasına vaxtsız düşən qırışların səbəbi olmaz.
Simasından gülüşü silməz.

Nə zaman ki kişi xanımını xoşbəxt edir, o zaman həqiqətən güclüdür.

Kişinin gücü qadınına sədaqətindədir, qayğısındadır, sevgisindədir.

Bir qadını alçaltmaq, üzmək, könlünü qırmaq güc deyil. Bunlar sadəcə kişi adı altında cismən var olan insanların davranışlarıdır.

“Nə deyərlər?”lərin hökm sürdüyü bir toplumda bu gün biz qadınlar mənəvi olaraq çox ağır yüklər daşıyırıq.

Azad və demokratik bir respublikada qadın belə yaşamamalıdır.

Qadın azad olmalıdır.
Qadın öz səsini eşitməlidir.
Qadın öz seçimlərinə sahib çıxmalıdır.
Qadın “nə deyərlər?” qorxusunun əsiri olmamalıdır.

Qadınlar zərifliyi, zərifliyi və gücü ilə özəldirlər.

Çalışın, Qadın gücünün qurbanı olmayın!


Afaq Azad
Top
×
Axtarış