Sonsuz Qürurun Başlanğıcı: 27 Sentyabr və Əbədi Ehtiram

Sonsuz Qürurun Başlanğıcı: 27 Sentyabr və Əbədi Ehtiram


27 Sentyabr bizim üçün təqvimdə olan elə-belə bir tarix deyil, xalqımızın əyilməz iradəsinin, milli qürurunun və böyük Zəfərə gedən yolunun başladığı müqəddəs andır. Düz 44 gün davam edən Vətən müharibəsində göstərilən misilsiz qəhrəmanlıq otuz illik həsrətə son qoyaraq torpaqlarımıza yenidən azadlıq və nəfəs gətirdi. Bu tarixi zəfərin təməlində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər boyu səbirlə və dəqiqliklə yürütdüyü uzaqgörən dövlətçilik strategiyası dayanır. Dövlət başçısının qətiyyətli siyasi iradəsi, dəmir iradəli rəhbərliyi və diplomatik müstəvidə atdığı cəsarətli addımlar diplomatik və hərbi cəbhədə qələbəmizi təmin edən əsas amil oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşan sarsılmaz xalq-ordu birliyi ölkəmizi vahid bir yumruq kimi birləşdirərək düşmənin otuz illik istehkamlarını darmadağın etdi. Müzəffər Ali Baş Komandanın hər bir müraciəti və cəbhədən verdiyi şad xəbərlər milətimizin döyüş ruhunu və qələbəyə olan inamını ən yüksək zirvəyə qaldırdı. Bu zəfər təkcə hərbi uğur deyil, minlərlə cəsur oğlumuzun canı və qanı bahasına, dövlət rəhbərimizin sarsılmaz liderliyi ilə yazılan gerçək bir dəyanət dastanında təcəssüm tapır. Azad edilmiş hər kənddə, hər zirvədə və bu gün bütöv Qarabağda ucalan bayrağımızda o qəhrəmanların silinməz izləri var. Şəhidlərimizin fədakarlığı sayəsində bu gün doğma yurdlarımızda həyat yenidən canlanır, dövlət başçısının şəxsi nəzarəti ilə böyük quruculuq işləri sürətlə davam edir. Bərpa olunan Xankəndi, Xocalı, Şuşa və Laçında səslənən hər bir addım səsi o müqəddəs ruhlara olan ən böyük ehtiramın ifadəsidir. Bu gün suverenliyi tam bərpa olunmuş bir dövlətin vətəndaşı kimi başımızı uca tutub gələcəyə inamla baxırıqsa, buna görə həmin qəhrəmanlara və onlara rəhbərlik edən Liderimizə ömürlük borcluyuq. Anım Günü bizi həm keçmişin ağrıları ilə kədərləndirir, həm də dövlətimizin qüdrəti və xalqımızın sarsılmaz birliyi ilə qürurlandırır. Qəhrəmanlarımızın əziz xatirəsi zamanın fövqündə duraraq gələcək nəsillərə vətənpərvərlik və məğrurluq dərsi verməkdə davam edəcək. Biz gənclər də bu tarixi zəfərin mənəvi yükünü dərindən dərk edir, şəhidlərimizin əmanəti olan müstəqil Vətənimizi və Ali Baş Komandanımızın nümayiş etdirdiyi dövlətçilik ideallarını intellektual müstəvidə uca tutmağı mənəvi borcumuz bilirik.

Qədirli Aysu
Top
×
Axtarış