Can Sınağı və Vətən Borcu: 27 Sentyabr Nəyi Xatırladır?

Can Sınağı və Vətən Borcu: 27 Sentyabr Nəyi Xatırladır?


Bu gün həyatın, torpağın və insan taleyinin mahiyyəti haqqında dərin düşüncələrə dalmalı olduğumuz xüsusi bir məqamdır. Hər il bu tarixdə cəmiyyət olaraq eyni suallar ətrafında düşünür, keçdiyimiz yolu və verdiyimiz qurbanları bir daha yad edirik.  Bu gün müharibənin gətirdiyi acılar, tək qalan valideynlərin nisgili ön plana çıxır və "bir daha müharibə olmasın" arzusu dilə gətirilir. Bu hər bir insanın daxilindən gələn təbii bir sülh istəyidir. Lakin bu istəyin arxasında duran həqiqəti doğru oxumaq lazımdır.
Heç bir ananın, heç bir atanın gözünün ağı-qarası olan tək övladını itirməsi asan qarşılanacaq bəşəri kədər deyil. Dövlətin, cəmiyyətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı necə böyük olsa da, övlad itkisinin yerini doldura bilməz. Bu reallıqdır. Amma bu kədərin içində dəyişməz bir ali həqiqət də var: torpaq uğrunda canından keçən oğullarımız bu fədakarlığı heç də boş-boşuna etmədilər.
Müharibə fəlakətdir, bəli, amma vətən müdafiəsi zərurətdir. Əgər bir xalq öz varlığını, ləyaqətini və torpağını qorumaq məcburiyyətində qalırsa, orada can fəda etmək artıq adi bir seçim deyil, müqəddəs borca çevrilir. Şəhidlərimizin verdiyi can bizə azadlıq, bütöv və qürurlu bir vətən bəxş etdi. Bu səbəbdən onların xatirəsi dildə deyil, vətənpərvər hər bir insanın qəlbində əbədi yaşayır.
Biz cəmiyyət olaraq anlamalıyıq ki, valideyn övladını böyüdərkən onun yalnız özü üçün deyil, həm də mənsub olduğu xalq və vətən üçün yetişdiyini dərk edir. Övlad vətənin qızıdır, vətənin oğludur. Əgər bir insan yaşadığı torpağın, mənsub olduğu xalqın gələcəyi üçün məsuliyyət hiss etmirsə, həyatın mahiyyəti və mənası əskik qalar. Vətən üçün yaşamaq, lazımi məqamda isə onun varlığı üçün hər şeydən keçməyə hazır olmaq insana ən böyük dəyəri qazandıran amildir.
27 Sentyabr bizə həm də onu öyrədir ki, sülhün və sakitliyin qiyməti müharibədə ödənilən bədəllərlə ölçülür. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq isə yalnız onları anmaqla bitmir, bu onların əmanət qoyub getdiyi Vətəni daha güclü etmək, ona sahib çıxmaq deməkdir.

Qədirli Aysu
Top
×
Axtarış