Şumerlərdə cənnət

Şumerlərdə cənnət



Şumer mifologiyasında Dilmun cənnətə bənzər, ilahi bir məkan kimi təsvir olunur. Tanrı Ninhursag (bəzi mətnlərdə Ninsikila) Dilmun bağında səkkiz ağac yetişdirir.
Əri tanrı Enki, bu ağacların yetişən meyvələrindən yeyir. Ninhursag illərlə zəhmətlə yetişdirdiyi ağacların meyvələrinin dərilib yeyildiyini biləndə qəzəblənir və Enkini cəzalandırır. Nəticədə Enkinin bədəninin səkkiz müxtəlif yerində xəstəlik yaranır. Ninhursag isə baş verənlərdən kədərlənərək ondan uzaqlaşır.

Digər tanrılar Enkinin vəziyyətindən narahat olur və Ninhursagın geri qayıtmasını istəyirlər. Lakin onu geri qaytarmaq asan olmur. Nəhayət tülkünün köməyi ilə Ninhursag geri qayıdır. O, Enkini sağaltmaq üçün səkkiz ilahi şəfa verən varlıq yaradır. Altısı qadın, ikisi kişi. Bu ilahi varlıqlar Enkinin xəstəliklərini sağaldırlar.

Bu mifdə diqqət çəkən məqam ilahi bağ, ağaclar və meyvələr, meyvələrin yeyilməsi, bundan sonra ilahi nizamın pozulması, nəticədə xəstəlik və cəzanın meydana gəlməsidir.

Bu motivlər sonrakı Yaxın Şərq dini ənənələrindəki cənnət və ağac, meyvə obrazını biraz xatırladır. Xüsusilə Bibliyadakı Adəm və Həvvanın Eden bağında qadağan olunmuş meyvədən yeməsi və bundan sonra cənnətdən uzaqlaşdırılması ilə. Bu motivlərin şumerlərdə daha qədim nümunələrinin olması maraqlı müqayisə imkanı yaradır.

Ülviyyə Lalə

Top
×
Axtarış