AİLƏ

AİLƏ


Bir irfan alimi “ailə” sözünün hərfi mənasını, ərəb dilindən gələn mənanı belə açıqlamışdı: “Evin damını saxlamaq üçün bir-birini yıxılmağa qoymayan və bir-birinə söykənən iki dirək.”
Hər şeyin adında onun mahiyyəti görünür. Görə bilsək, bəzən də görmək istəsək.
Uzun müddət idi bu ailəni tanıyırdım. Camaat onları “ziyalı ailəsi” adlandırırdı.
Hamı deyirdi ki, sevgiylə evləniblər. Belə də görünürdülər.
Bir gün xanımı mənə müraciət elədi.
— Mümkünsə, sirr saxlaya bilən yaxşı bir psixoloq tapın mənə, ərim bilməsin.
— Yaxşı, — dedim.
Bir aydan sonra həmin xanımla görüşdüm.
— Nəticəsi oldu? — deyə soruşdum.
Üzümə baxmadan, sakitcə:
— Yox, — dedi.
— Niyə?
— Onun öz həyatı da mənimkindən fərqli deyilmiş. Dərdimi anladı, amma dürüst adam olduğuna görə dedi ki, heç özüm bu dərdlərə çarə edə bilmirəm.
— Yaxşı, bəs nə fikirləşirsən?
— Mənim ən doğru çarəm özümü tanımağımdan başladı, dərdim də dərmanım oldu, — dedi.
— Mən hekayə yaza bilmərəm. Alın, oxuyun, yazın, bəlkə kiməsə kömək oldu.
Duruxdum. Sirr saxlanılmalıdır, amma “yazın”, dedi axı?!
— Götürün. Bu mənim üçün sirrmiş, demə, yalan pərdəsi götürüləndə aşkar olan, çoxunun bilib gizlətdiyi həqiqət imiş. Məni illərdir ağrıdan, əzab çəkə-çəkə həyatımı davam etdirdiyim yalançı “biz” imiş.
— Necə yəni?
— Oxuyanda suallarınıza cavab tapacaqsınız.
Dəftəri götürdüm.
Bir neçə gün açıb oxumağa cəsarət eləmədim. İçimdə xof vardı. Elə bilirdim, oxusam, öz həqiqətlərimi də biləcəyəm.
Bir həftə sonra dəftəri açdım. “Salam, özüm. Unutduğum, halını sormadığım, istədiyini onun istədiyi kimi göstərdiyim özüm. İlahi, nə yaman ağrıdın, nə yaman kövrəldin. Mən səni heç dinləməmişəm axı, dilləndirməmişəm. Halbuki hər kəsi dinləmişəm, səndən başqa. Məni xilas etmək üçün mənimlə ailə qur, deyən gələcək ərimə qulaq asanda səni susdurdum. ‘Etmə’, dedin, kar kimi qulaqlarımı tıxadım. Və illərdir, ilk gündən bura qədər səninlə yox, ailəmlə yol getdim, amma öz yolumu görə-görə başqa, özgəsinin yoluyla getdim. ‘Yola ver’, deyirdilər axı.
Yola ver sözünün bir mənası da yalan imiş.
Uşaqların, ərimin dalıyca düşdüm.
Beləcə, yolda özümü itirdim.
Özüm məndən geri qaldı, dalımca baxdı, baxdı, için-için ağlaya-ağlaya yolunu tutub getdi.
Və daha təkbaşına, yalqızca yol getməyə başladı.
Gedəndə özüylə xatirələrini və övladlarına, doğmalarına istəyini apardı.
Bu istəyi kürəyinə şəlləsə də, soyuqdan üşüyəndə, donanda şələsindən sevgisini çıxarıb ürəyinin başına söykəyirdi ki, donmuş ürəyi bir az qızınsın. İndi Özümü axtarıram.
Axtara-axtara yalan içində gizlənən həqiqəti görməyə başlamışam.
Bu həqiqət ÖZÜMƏM.
İncitdiyim, məcbur elədiyim, susdurduğum, hər kəsdən sonra gördüyüm ÖZÜMƏM.
Onu incitdikcə məni incitdilər, onu aldatdıqca məni aldatdılar, onu susdurduqca məni susdurdular, ona pisliyi yaxşı göstərdikcə, mən pis görünməyə başladım.
Heç kim özümdən yaxşı məni anlaya bilməz. Çünki hərənin öz “Həqiqəti” var.”
Oxuyub bitirdim. Bu yazını elə belə də verim.
Adını qoyum, “Ailə”.
Niyə ailə?
Çünki öz həqiqətinin ən çox aydın göründüyü yer ailədir. Evin tavanını saxlayan, bir-birinə söykənən dirəklər həm güclü, həm yumşaq olmalıdır ki, heç biri gücə düşüb sınmasın.
Ailədə də belədir: iki tərəfdən birinə çox güc düşməməlidir. Düşərsə, o biri ilə bölüşməlidir, yoxsa yükün çoxluğundan sınar. Söykənən hər iki dirək həm yumşaq, həm güclü olmalıdır ki, heç biri gücə düşüb sınmasın. Evin tavanı uçacaq.
Bu həqiqətləri hər iki tərəf görə bilməlidir. Ta o vaxta qədər ki, birinin davamı kimi bitişsinlər. Buna görə ikisinin də zatı, heç olmasa, oxşar olmalıdır, cins olmalıdır.
Ya da...
Başqa cür olsa, bunların adı ailə yox, sadəcə birgəyaşayış üçün əqd bağlayan şəxslərin fəaliyyəti adlanar.
Çox quru, cansız bir addır, amma onun adına “ailə” deyirlər axı…

Almaz Xanlarova
Top
×
Axtarış