Şiddət heç bir halda çıxış yolu deyil!
Ümumiyyətlə, istər insana, istərsə də heyvana qarşı şiddətə yol verilməməlidir. Çünki şiddət problemin həlli deyil, əksinə, yeni problemlərin və daha ağır nəticələrin başlanğıcıdır.
Bakı məktəblərinin birində baş verən hadisə bir daha göstərdi ki, bəzən insanlar öz davranışlarının hansı nəticələrə səbəb ola biləcəyini düşünmür, həssas məqamlarda belə məsuliyyət hissini unudurlar.
Məktəbdə baş verən intihar hadisəsindən sonra çəkiliş aparan reportyorun yuxarı sinif şagirdləri tərəfindən döyülməsi bir-birindən fərqli, lakin eyni dərəcədə ciddi iki problemi gündəmə gətirir.
Birinci problem jurnalist məsuliyyəti və etikası ilə bağlıdır. İntihar kimi ağır və həssas hadisə zamanı çəkiliş aparan jurnalist həm peşə etikasını, həm də insanların psixoloji vəziyyətini nəzərə almalıdır. Belə anlarda hadisənin ictimai əhəmiyyətini qorumaqla yanaşı, insanlara anlayış və həssaslıqla yanaşmaq da vacibdir. Bəlkə də, həmin məqamda bir qədər daha diqqətli və anlayışlı davranış qarşıdurmanın qarşısını ala bilərdi. Lakin bunu da unutmayaq ki, peşəkar səhv və ya etik qaydaların pozulması heç kimə fiziki zorakılıq göstərmək haqqı vermir.
İkinci və daha ciddi düşündürücü məsələ isə yeniyetmələr arasında aqressiyanın artmasıdır. Son bir-iki ay ərzində məktəblərdə və məktəbdənkənar mühitdə baş verən hadisələr bizi eyni sual ətrafında düşünməyə vadar edir: Uşaqlarımız niyə problemləri danışaraq həll etmək əvəzinə, şiddətə əl atırlar?
Aqressiyanın arxasında hansı səbəblərin dayandığını araşdırmadan, yalnız hadisənin nəticəsini müzakirə etməklə kifayətlənə bilmərik. Ailə, məktəb, sosial mühit və cəmiyyət bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Uşaqlara yalnız qaydalara əməl etməyi deyil, başqasının sərhədlərinə hörmət etməyi, qəzəbini idarə etməyi, etirazını düzgün ifadə etməyi və münaqişələri zorakılıqsız həll etməyi də öyrətməliyik.
Unutmamalıyıq ki, şiddətə şiddətlə cavab vermək ədaləti bərpa etmir, sadəcə, zorakılıq zəncirini davam etdirir. Bir insanın məsuliyyətsiz davranışı digərinin aqressiyasına bəraət qazandırmır. Eyni zamanda, yeniyetmələrin zorakı davranışlarına yalnız cəza prizmasından yanaşmaq da problemin kökünü aradan qaldırmır.
Bəlkə də, bu hadisələr bizə ən çox özümüzə baxmağı öyrətməlidir. Uşaqlarımıza nəyi qadağan etdiyimiz qədər, onlara hansı davranış nümunəsini göstərdiyimiz də vacibdir. Çünki insan başqasına hörmət etməyi, mərhəməti və məsuliyyəti ilk növbədə gördüklərindən öyrənir.
Şiddətin olmadığı cəmiyyət yaratmaq istəyiriksə, ilk növbədə anlayışı, empatiyanı və məsuliyyəti gücləndirməliyik. Çünki nə bir insanın ağrısı başqasının laqeydliyinə qurban verilməli, nə də birinin səhvi digərinə zorakılıq etmək üçün bəhanə olmalıdır. Hər bir hadisədən sonra günahkar axtarmaqla kifayətlənməyək; gəlin, belə hadisələrin bir daha yaşanmaması üçün səbəbləri də araşdıraq.
Axı əsas məsələ kimin haqlı, kimin haqsız olduğunu sübut etmək deyil, insanlığımızı itirmədən problemləri həll etməyi bacarmaqdır.
Pərvanə Eyvazqızı