
Göyçayın kəndlərini rayon mərkəzi ilə birləşdirən yol yararsız vəziyyətdədir
Qaraməryəm-Müsüslü avtomobil yolunun təmirə ehtiyacı var. Bu yol Göyçayın kəndlərini rayon mərkəzi ilə, rayonun özünü isə əsas magistral yolla birləşdirir. Yolun yararsız olmasından şikayət edən yerli sakinlər və sürücülər onun təmir olunmasını istəyirlər.
EmpaTV xəbər verir ki, ötən əsrin 80-ci illərində istifadəyə verilən yol hazırda istismara yararsız vəziyyətdədir.
Hər gün rayon mərkəzinə gedib-gəlmək üçün bu yoldan istifadə edən sürücü Sərvət İbişov deyir ki, yolun yararsız, çala-çökək olması səbəbindən avtomobilləri tez-tez sıradan çıxır. Avtomobilin təmirinə isə xeyli vəsait sərf olunur.
“Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol yararsız haldadır. Sürücülər də, kənd sakinləri də çox əziyyət çəkirlər. Son 20 ildə bu yolda nə əsaslı, nə də cari təmir işləri aparılıb. Göyçayın ən böyük kəndləri bu yolun üzərində yerləşir. Hər gün buradan yüzlərlə maşın gedib-gəlir. Yolun pis gündə olması səbəbindən maşınlarımız da tez-tez xarab olur. Təmirə isə xeyli pul xərcləyirik”, - deyə o bildirib.