Türkiyə deyiləndə ağla ilk olaraq gələn yeməklər

Türkiyə deyiləndə ağla ilk olaraq gələn yeməklər


Səyahət etmənin bəlkə də ən maraqlı, ən sevilən və ən səbirsizliklə gözlənilən anı həmin ölkənin mətbəxinin yeməklərini dadmaqdır. Səyahətinizdən döndüyünüzdə və hətta illər sonra belə bəyənib bəyənməməyinizdən asılı olmayaraq xatırlanacaq, hər zaman danışacağınız xatirələrinizdən biri də həmin ölkənin necə qeyri-adi, fərqli və maraqlı mətbəxinin olması olacaq. Axı dadacağımız hər bir yeni dad yeni və fərqli bir təcrübə deməkdir. Ona görə də, hər nə qədər qəribə və öyrəşdiyiniz dadlardan fərqli olsa da, məncə yeni təcrübələr yaşamağa və bunu sınamağa dəyər. Dünyada nə qədər ölkə olduğunu və onların hər birinin öz milli mətbəxi, sırf onlara xas olan özəl yeməklərinin olduğunu düşünəndə insan daha da həyəcanlanır və mümkün olduğu qədər tez bir zamanda o yeməklərin hamısını dadmaq istəyir. Bu yeməkləri dadaraq siz həmin ölkələrin yerli əhalisinin zövqünü daha yaxından tanıya, onların mədəniyyətinə bir addım daha yaxınlaşaraq insanları ilə daha yaxın və səmimi münasibət qura bilərsiniz.

Təbii ki, bəzi insanlar bəzi ölkələrin mətbəxinə xüsusi bir maraq duyur və həqiqətən də sevir. Məsələn, əminəm ki, bir çox insan üçün Şərqi Asiya mətbəxini dadmaq çox çılğınca və risk etməkdən çəkindikləri bir şey olsa da, bəzilərinin həqiqətən ləzzətlə və həzz alaraq yedikləri yeməklərdəndir. Bəziləri isə Avropa mətbəxinə duyduğu sevgi ilə tez-tez o ölkələrə səyahətlər edir. Təbii ki, bu insandan-insana dəyişir və hər bir insanın öz zövqü və seçimləri vardır. Axı zövqlər rəngarəng və müxtəlifdir. Lakin aparılan araşdırmalara əsasən dünyada öz mətbəxiylə məşhurlaşan və sevilən ölkələr var. Bu siyahı ən çox sevilən və zövq alınan italyan mətbəxi ilə başlayır, daha müasir olan və dünyada öz məşhur aşpazları ilə tanınan fransız mətbəxi, qarışıq və daha çox acılı yeməkləri olan Meksika mətbəxi, yemək növlərinin çoxluğu ilə ad qazanmış ispan mətbəxi və ədviyyatları ilə bol olan hind mətbəxi ilə davam edir.

Ancaq bir mətbəx də var ki, hansı ölkədən gəlməsindən asılı olmayaraq hər kəsin ağız dadına xitab edən yeməkləri və məşhur şirniyyatları ilə bir çox insanın sevgisini qazana bilmişdir. Bu, böyük Osmanlı İmperiyasının irsi olaraq bilinən türk mətbəxidir. Türk mətbəxi bizim Azərbaycan mətbəxinə olan yaxınlığı və oxşarlığı ilə həmçinin bizim də ən çox sevdiyimiz, yeməkdən əsla çəkinmədiyimiz və həzz aldığımız yeməkləri ilə bol olan bir mətbəxdir. Bu yeməkləri daha yaxından tanıyaraq və hər bölgəyə xas olan xüsusi ləzzətlərini bilərək isə Türkiyəyə səyahətinizzamanı daha təcrübəli olacaq və hansı şəhərləri mütləq ziyarət etməli olduğunuzu biləcəksiniz.

Top