İnstitut direktoru: “İndi hansı zəmanədir ki, “kartoçka” ilə lüğət çap edirlər?”

İnstitut direktoru: “İndi hansı zəmanədir ki, “kartoçka” ilə lüğət çap edirlər?”


Dünyanın bir çox ölkələrində izahlı lüğət tərtibatçıları hər ilin sözünü seçirlər. Həmin ənənə bu il də davam edib. Belə ki, müxtəlif ölkələrdə, hətta eyni ölkənin bir neçə ali məktəbinin dil fakültələrində tərtibatçılar 2023-cü ilin sözünü seçiblər.

Bəs ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu belə bir addım atmaq istəyirmi?

Bu və digər məsələlərlə bağlı Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli EmpaTV-nin suallarını cavablandırıb.

- Bütün dünya ilin sözünü seçir. Bizdə isə belə hadisəyə rast gəlinmir. Dilçilik İnstitutu bununla bağlı hansı addımları atır?

- Gələcəkdə bu barədə fikirləşmək olar. Hazırda bu suala cavab vermək çətindir.

- Nadir müəllim, bəs orfoqrafiya lüğətinin nəşri nə zaman yekunlaşacaq?

- Heç vaxt yekunlaşmır. Nazirlər Kabinetinin qərarı ilə hər beş ildən bir lüğət çıxacaq. Sonuncu 2021-ci ildə çap olunub.

- Bəs sonuncu orfoqrafiya lüğətinə təklif edilən dəyişikliklər hansı zərurətdən yarandı?

- Normaların qəbulunda iştirak etməmişəm. Amma deyə bilərəm ki, bizim lüğətlər başqa türkdilli xalqların lüğətlərdən geri qalmır.

- Səhv xatırlamıramsa, lüğətə “hörümçək” sözü əlavə edilməmişdi, bunu yanlışlıq ilə izah etdilər. Amma “spayder” sözü əlavə edildi. Sonra mediada xəbərlər yayıldı ki, həmin söz “hörümçək” sözü ilə əvəzi edilib...

- Bunlar şou xətrinə yazılır. Millətimdən çox xahiş edirəm ki, dilimizi şouya çevirməsinlər. Təbii ki, hamı dilçi deyil, amma ana dilimizə hörmətlə yanaşaq. Biz araşdırdıq ki, lüğətin beşillik tərtibolunma prosesində təxminən dörd-beş variant olub.

Həmin versiyada texniki səhv nəticəsində lüğətə “hörümçək” sözü əlavə edilməyib. Sadəcə, orada “spayder” sözünün əvvəlində (tex.) qeydi yazılsaydı, çaşqınlıq olmazdı. Çünki lüğətlərdə sözün qarşısında onu yazmaq texniki termin kimi işlədilməsi anlamına gəlir.

Hər kəs biləcəkdi ki, “spayder” sözü həmin mənadadır və çaşqınlıq olmayacaqdı. Bizim ən böyük səhvimiz, problemimiz odur ki, milli dilin korpusu yoxdur.

- Belə çıxır ki, milli dilin korpusunun olmamasına görə lüğət səhv çıxır?

- Bəli. Onun üçün lüğətlər belə səhv çıxır. İndi hansı zəmanədir ki, əl üsulu ilə (“kartoçka”) lüğət çap edirlər? Görünür ki, əvvəlki direktorlar yaşlı adamlar olub və etməyiblər. Bunlar yeni nəsil sayəsində kompüterlərlə işlənməlidir və vahid bir məkanda yerləşdirilməlidir. Tezlik lüğətlərinə müraciət etmək lazımdır ki, sözlərin hansı əsasla oraya salınması izah edilsin. Hərdən mənə sual verirlər ki, niyə sizdən əvvəlki direktorlar bunu etməyiblər? Deyirəm ki, bilmirəm, gərək edərdilər...

Top