
Bakıda kişini girov götürüb amansız işgəncələrlə öldürdülər: “Bədəninə tok vermək qərarına gəldik”
İş üzrə dindirilmiş Azər Mustafayev bildirib ki, 2001-ci ildən narkotik vasitələr qəbul edir. Əvvəllər Sumqayıt şəhərində yaşayıb, sonradan isə Bakıya, Yeni Günəşli qəsəbəsinə köçüb:
“İyunun altısında günorta tanışım Emin Cəfərzadə ilə qəsəbədə fəaliyyət göstərən kafeyə gedib, pivə sifariş verdik. Bundan əvvəl hər ikimiz narkotik maddə qəbul etmişdik. Orda olanda tanışıma zəng edib, “metamfetamin” tapmağda köməklik etməsini xahiş etdikdə, o, Ədalət Əliyevin nömrəsini verdi. Dedi ki, tanışlıq verim və ondan narkotik maddə alım. Ədalətə zəng edib, Yeni Günəşliyə gəlməsini, “metamfetamin” gətirməsini və 25 manat pulumuzun olduğunu dedim. Emin mənim mobil telefonumdan tanışı Rinad İsmayılova zəng edib, kafeyə çağırdı. Bir müddətdən sonra Ədalət və Musa adlı şəxslər kabinetə daxil oldular. Narkotik vasitəni istəyəndə, Ədalət “pulunuzu verin, gedim maşından gətirim” dedi. Bu söz bizə pis təsir etdi, çünki hiss etdik ki, narkotik Ədalətin üstündədir və o, yalan danışır. Aramızda narazılıq yarandı. Narkotik vasitələr satmaqla, camaatı zəhərlədiyini bildirəndə, Ədalət yaxşı edib satdığını dedi. Bu ərəfədə Emin Anar adlı tanışına zəng edib, onu da kafeyə dəvət etdi. Anar gələndən sonra, aramızda olan söhbət qızışıb mübahisəyə çevrildi. Anar, ardınca mənimlə Emin də Ədalətin üzünə sillə, habelə yumruqla zərbələr endirdik. Həmin şəxsin burnundan qan axırdı, gözünün altı göyərmişdi. Kafedə çox səs-küy yaranmaması üçün, həm də Rinadın ad günü olduğundan dənizə getməyi qərarlaşdırdıq. Bizim tələbimizlə Ədalət, cibindən bank kartını çıxardıb, masanın üzərinə qoydu. Daha sonra kafedən çıxdıq. Ədalətin üzü şişdiyi üçün, öz eynəyimi ona verdim”.
Ədalətin avtomobilini Musa idarə edib, o, arxada, Rinad isə qabaqda əyləşdi. Tərlan, Emin, Əyyub və Ədalət Anarın maşınına oturdular. Buzovna istiqamətində hərəkət etdilər. Yolda olarkən Musadan avtomobili saxlamağını tələb ediblər. Rinadla birlikdə narkotik vasitə tapmaq üçün maşını axtarsalar da, heç nə tapmayıblar:
“Mərdəkanı keçəndən sonra, yolun sağında yerləşən məhəlləyə daxil olduq və binanın qarşısında təxminən iki saata yaxın dayandıq. Hava artıq qaralmışdı.
Sonra yenə yola çıxdıq. Bir az getdikdən sonra Rinad maşını saxlatdırdı. Bu vaxt Emin və Tərlan bizim avtomobilə yaxınlaşdılar. Emin Musanı sükandan düşürdüb, arxada otuzdurdu. Nəqliyyat vasitəsini Tərlan idarə etməyə başladı. Yolda Emin Musanın başını aşağı salıb, gözlərini yummağını tələb etdi. Beş-altı dəqiqədən sonra Tərlan avtomobili saxladı və Anara məxsus həyət evinə daxil olduq. Masa arxasında əyləşib, yeyib-içdik. Musa ilə Tərlandan başqa, hamı araq içdi. Ədalətdən nəyə görə yalan danışdığını, narkotik maddənin yerini niyə gizlətdiyini soruşduq. Emin belindəki kəməri çıxarıb, onu vurmağa başladı. Ədalətin hər iki gözünün altı şişib rəngi qaralmışdı. Ədalət Anarla Eminə dedi ki, guya həyətində bir kiloqram “metamfetamin” var və canını qurtarmaq üçün, onu onlara verəcək. Ədalətin dostu Musa qorxduğundan sakit dayanıb müdaxilə etmədi. Daha sonra Ədalət huşunu itirdi. Ağzından və burnundan qan gəldi. Rinadla birlikdə, Ədaləti sürüyüb, hamama apardıq. Əl-üzünü yusaq da, o, ayılmadı, halı daha da pisləşdi. Sonra onun bədəninə tok vermək qərarına gəldik. Tərlanın gətirdiyi naqili elektrik xəttinə qoşub, üç-dörd dəfə ayaqlarına toxundurub, çəkdik. Lakin Ədalət özünə gəlmədi. Bundan sonra növbə ilə yatıb, dincəldik. Səhər oyananda, Ədalətin nəbzinin çox zəif vurduğunu gördük. Süni nəfəs verib, sinəsini masaj etdik. Qorxduğumuzdan onu həkimə aparmaq qərarına gəldik. Ədaləti Anarın gətirdiyi yorğana büküb, maşının arxa oturacağına uzatdıq. Musa sükan arxasına keçdi, Azər yanımda əyləşdi. Anar bizə “Ədaləti aparıb, xəstəxanaya təhvil verməyimizi” tapşırdı. Xəstəxananın yanından keçəndə, Musaya acıqlandım ki, nəyə görə maşını xəstəxanaya sürmür. Musa qorxduğunu söyləyəndə, ona Qaraçuxur qəsəbəsindəki poliklinikaya sürməsini tapşırdım”.
Azər Mustafayev bildirib ki, poliklinikanın yaxınlığında, ara küçədə avtomobili saxlayıb:
“Emin zəng edəndə, ona yalandan Ədaləti həkimə apardığımızı dedim. Kafeyə gedib, tanışlarıma Ədaləti xəstəxanaya aparmadığımızı və küçədə, avtomobildə qoyduğumuzu dedim. Rinad Eminlə Anara, onu və digər uşaqları işə saldığımızı, bizim ucbatımızdan həbsxanaya düşəcəklərini bildirdi. Bundan sonra kafedən çıxdıq. Səhərisi gün bildim ki, Ədalətin meyiti Qaraçuxur qəsəbəsində avtomobildə aşkar edilib. Ayın doqquzunda mən, sonra da Eminlə Anar bölməyə gedərək, təslim olduq”.
Zərərçəkmiş Musa Soltanov ifadəsində göstərib ki, Ədalət Əliyevi hadisədən səkkiz ay əvvəl taksi sürücüsü kimi tanıyıb və aralarında dostluq münasibəti yaranıb:
“İyunun altısı saat 16 radələrində yanıma gələn Ədalət, avtomobilinin cərimə meydançasında olduğunu bildirməklə, birlikdə gedib onu götürməyi xahiş etdi. Yolda dostumun telefonuna zəng gəldi. Kiminləsə danışandan sonra Ədalət dedi ki, Azər adlı Sumqayıt sakininə 15 manat borcu var, həmin şəxs dostları ilə birlikdə Yeni Günəşlidə yerləşən kafedə oturub və onu, ora çağırıb. Kafeyə girəndə, beş-altı nəfərin əyləşdikləri masada oturduq.