Əsrə bərabər 2023 - Tarixi nailiyyət, suverenlik və müstəqilliyin bərpası

Əsrə bərabər 2023 - Tarixi nailiyyət, suverenlik və müstəqilliyin bərpası


Beləliklə, 2023-cü il Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla yadda qalacaq. Bu reallıqlar erməni yalanlarını, mifini dağıtdı və dünyaya göstərdi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır.

İl ərzində Azərbaycanda yaşanan hadisələrə, beynəlxalq tədbirlərə qısa da olsa nəzər salaq;

Suveren ərazi bütövlüyümüz bərpa olundu

İlin ən ciddi uğurlası sırasında sözsüz ki, 23 apreldə Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bu, Azərbaycanın ən böyük qələbəsi, ciddi uğuru idi. Bununla da ermənilərin Qarabağa giriş-çıxışına nəzarət tamamilə Azərbaycana keçdi. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirsələr də, səyləri nəticəsiz qaldı.

Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışırdı. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addım idi. Şübhəsiz ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyırdı.



Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da bunu qeyd etmişdi: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir.

Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir. Baş verən hadisələrin fonunda artıq həqiqi üzlərinin ortaya çıxdığını görən Ermənistan və onun Fransa kimi qərbli havadarları dünya miqyasında Azərbaycan əleyhinə geniş qarayaxma kampaniyalarına start verdilər. Avqustun 16-da Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsi ilə bağlı təcili iclası Ermənistanın və erməni lobbisinin bütün səylərinə, dəstəkçilərinin canfəşanlıqlarına baxmayaraq, istədikləri nəticəni vermədi: nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat qəbul olundu.



Top