
Avropa İttifaqında daxili ziddiyyətlər artır - “Kaspi”nin TƏHLİLİ
450 milyonluq Avropa İttifaqı iyun ayında Avropa Parlamentinə seçkilər keçirəcək. Bu seçkilər Avropanın gələcək xarici siyasətinin müəyyən olunmasında mühüm rol oynayacaq.
Avropa İttifaqı (Aİ) daxilində ziddiyyətlərin, problemlərin bu il də davam edəcəyi əsas proqnozlar və ehtimallar sırasındadır. Hətta qurumun dağılacağı ilə bağlı mülahizələr irəli sürülür.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin təhlilini təqdim edirik.
Ukrayna müharibəsi, Yaxın Şərq böhranı
Ukrayna müharibəsi, Yaxın Şərqdə yaşanan hadisələrə münasibət qurum daxilində fikir ayrılıqlarını daha da gücləndirib. Bir qisim hesab edir ki, Rusiyaya qarşı sanksiyalar paketi Avropa İttifaqına ciddi maliyyə zərbəsi vurmaqdadır. Bu səbəbdən, sanksiyaları dayandırmağa çağırışlar səsləndirilir. Digər qisim isə Ukraynaya yardımı davam etdirməyin tərəfdarıdır. Eyni proses HƏMAS-İsrail münaqişəsinə münasibətdə də hiss olunur. Avropada İsrailin hərəkətlərini dəstəkləyənlərlə yanaşı, Fələstinə dəstək verilməsini istəyənlər də var.
Miqrant məsələsi, Ukraynanın, Moldovanın, Gürcüstanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar da problemlərə yol açıb. Bir çox siyasilər bunu bütün Avropanın təhlükəsizliyinə təhlükə hesab edirlər. Məsələn, Macarıstanın hakim FİDES – Macar Vətəndaş İttifaqı Partiyasının rəsmisi İştvan Holik deyib ki, müharibə şəraitində olan Ukrayna ilə üzvlük danışıqlarının başlaması qəbuledilməzdir. “Bu, bütün Avropanın təhlükəsizliyinə təhdiddir. Üstəlik, Ukraynanın üzvlüyü Aİ-nin üzərinə onsuz da zəif olan iqtisadiyyatın dözə bilmədiyi maliyyə yükü qoyacaq”, - deyə Holik bildirib.
İnteqrasiya tərəfdarları uduzur
Ötən ilin son günlərində Avropanın müxtəlif ölkələrində keçirilən rəy sorğularının nəticələri də maraqlıdır. Belə ki, xeyli avropalı inteqrasiya tərəfdarı olan partiyalara səs verməyib. Nə sosial demokratlar, nə də sağlar Avropada mövcud vəziyyəti qiymətləndirmək iqtidarında olmayıblar. Bir çoxları Aİ-nin genişlənməsi ideyasının reallığı əks etdirmədiyi qənaətindədir. Aİ-nin postsovet məkanına daxil olan ölkələri öz sırasına daxil etməsinə gəldikdə, bunun da sadəcə vəd olaraq qalacağı proqnoz edilir. Bir başqa məsələ də ondadır ki, təşkilatın nüfuzlu üzvləri belə ondan uzaqlaşmağa çalışır. Böyük Britaniyanın ardınca Fransada da qurumdan çıxmaq çağırışları artır. Məsələn, Fransada prezidentliyə namizəd Jan Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Aİ çərçivəsindən kənarda olmalıdır.
Hesab edilir ki, Aİ-nin dağılması sürətli olmayacaq, bir neçə il ərzində baş verəcək. Polşa və Macarıstan kimi dövlətlər də Brüsselin qəbirqazanı rolunu oynaya bilərlər.
Brüssel balansı düzəltməyə çalışacaq
Bu il ərzində Aİ-dəki üç mühüm vəzifənin - Avropa Komissiyasının prezidenti, Aİ Şurasının sədri və Aİ xarici işlər komissarının vəzifələri bölüşdürüləcək. Bu isə asan məsələ deyil. 2019-cu ildə Şarl Mişel, Ursula von der Leyen və Jozep Borrel üçlüyü müəyyənləşdiriləndə Şərqi Avropanın payına sanballı vəzifə düşməmişdi. Bu dəfə Brüssel bu balansı düzəltməyə çalışacaq.
