
Fransa Senatının komik qətnaməsi - TƏHLİL + FOTO
BMT TŞ-nin beş daimi üzvündən biri - Fransanın dünyadakı yeri və nüfuzunun hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir.
BMT-nin baş katibi Antonio Quterreşin diqqətçəkən etirafı dünyanın geosiyasi müstəvisindəki gerçək mənzərəyə verilmiş obyektiv qiymət oldu: “Bəzi ölkələrin siyasi proseslərə təsiri BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin malik olduqları hörmətdən daha çoxdur”. Quterreş başa düşüb ki, “Türkiyə, İsrail, İran kimi dövlətlərin dünyaya təsir imkanları ABŞ, Fransa, Böyük Britaniya, Çin və Rusiyanın nüfuzunu üstələyir”. BMT baş katibinin bu etirafı reallığı əks etdirir, ancaq nədən qaynaqlandığına dair izahı vermir: TŞ-nin daimi üzvlərinin hörmətdən düşmələrinin səbəbi onların özləri və tətbiq etdikləri ikili standartlardır.
Hörmətdən düşmüşlərdən biri
BMT TŞ-nin beş daimi üzvündən biri - Fransanın dünyadakı yeri və nüfuzunun hazırkı durumu Quterreşin tarixi etirafının əyani sübutudur. Bu ölkənin beynəlxalq hüquqa və özünün imza atdığı sənədlərə qarşı nümayiş etdirdiyi sayğısızlıq onun dünyadakı yerinin başlıca göstəricisidir. Nüvə silahına malik bir dövlətin Afrikanın inkişafdan qalmış xammal ölkələrindən sıxışdırılıb biabırcasına qovulması onun başında duran rəhbərliyinin sahib olduğu qeyri-ciddi imic və reputasiyanın məntiqi sonluğudur. Belə görünür ki, Fransa hazırkı siyasi qüvvənin hakimiyyətdə olduğu dövrdə bu girdabdan qurtula, yenidən ciddilik imicini bərpa edə bilməyəcək. Təəssüf ki, bölgəmizdən coğrafi uzaqlığına, Qafqazda heç bir tarixi təsir ənənəsinə malik olmamasına baxmayaraq, Fransanın düşdüyü rəzil vəziyyət bu və ya digər şəkildə ölkəmizin gündəmində də yer alır. Səbəb isə birdir: Parisin Azərbaycana qarşı əsassız və mənasız qərəzi.
