Münhendə növbəti tarixi uğur: Azərbaycan stereotipləri alt-üst etdi

Münhendə növbəti tarixi uğur: Azərbaycan stereotipləri alt-üst etdi


Ötən həftənin sonunda baş tutan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan tarixi uğura imza atdı. Prezident İlham Əliyevin fevralın 7-də keçirilən növbədənkənar seçkisindən sonra dəvət aldığı bu beynəlxalq tədbir bir çox məqamına görə tarixi hadisə hesab oluna bilər.

Birincisi, Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropa ailəsindən uzaq düşdüyü barədə iddialar səslənirdi. Dövlət başçısı bu tədbirdə iştirak etməklə Avropada Bakı ilə bağlı dolaşan şayiələrə, suallara cavab verdi, bölgədəki siyasi reallıqları Qərb siyasətçilərinin diqqətinə çatdırdı. Azərbaycan liderinin keçirdiyi görüşlər, səslənən bəyanatlar bu cəfəng iddiaların üstündən birdəfəlik xətt çəkdi.

İkincisi, Bakının Davos və Münhenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. Azərbaycan bundan sonra da öz milli maraqlarına uyğun balanslı siyasətini davam etdirəcək.

Üçüncüsü, seçkidə qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycanın Münhen Təhlükəsizlik Konfransına dəvəti, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin görüş üçün çoxsaylı müraciətləri onların bu seçkinin nəticələrinə münasibətinin təsbitidir. Əksər dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri təbrik məktublarında Azərbaycanın tək regionda deyil, dünyada artan nüfuzundan bəhs ediblər. Xüsusi vurğulanıb ki, Azərbaycan artıq “orta güc” ölkələri sırasındadır, o regional yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Dövlət başçısı onunla görüşən ölkə rəhbərlərinə, beynəlxalq təşkilatların rəsmilərinə açıq şəkildə bildirdi ki, Azərbaycanla münasibətləri ikitərəfli qaydada - Ermənistan faktoru nəzərə alınmadan qursunlar.




Dördüncüsü, beynəlxalq tədbirdə bir daha vurğulandı ki, bu gün Azərbaycanın Ermənistandan başqa, heç bir ölkə ilə problemi yoxdur. Rəsmi Bakının beynəlxalq ictimaiyyətlə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub və bundan sonra Azərbaycan qlobal siyasətdə daha aktiv rol oynayacaq.

Münhendə əldə olunan ən mühüm uğurlardan biri də o oldu ki, Nikol Paşinyan hökumətinin Bakıya qarşı Qərbdə apardığı çirkin kampaniya fiaskoya uğradı. Rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq Qərb dövlətlərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Prezidenti ilə görüşməyə çalışırdılar. Hətta Ermənistanın şərti sərhəddə həyata keçirdiyi təxribat da onların işinə yaramadı.

Konfrans çərçivəsində Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün necə çalışdığı da diqqətdən yayınmadı. Müsbət təkliflərə hər zaman önəm verən rəsmi Bakı da bu görüşdən imtina etmədi. Ortada olan bütün problemlər, təkliflər O.Şoltsun özünün də iştirakı ilə müzakirə edildi. Ümid etmək olar ki, bu görüşdən sonra Almaniyanın Azərbaycana qarşı münasibətində qismən yumşalma olacaq.




Top