“Qarabağ”la “Traktor” Xankəndidə oynasın! - Aqil Abbasdan TƏKLİF

“Qarabağ”la “Traktor” Xankəndidə oynasın! - Aqil Abbasdan TƏKLİF


Təbrizin “Traktor” klubu mayın 2-də tarixi uğura imza atıb. İran liqasında “Şəms Azar” üzərində qazanılan 4:0 hesablı parlaq qələbə və “Sepahan”ın məğlubiyyəti komandaya tarixində ilk dəfə ölkə çempionu olmağa şəratit yaradıb. Hadisə sıradan idman nailiyyəti deyil, o, Güney Azərbaycanda yaşayan milyonlarla insanın qürur anına çevrilib.

Qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Traktor”la matç keçirməyə hazır olduğunu bildirib. “Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram... Biz də sevə-sevə oynamağa hazırıq”.

Azərbaycanlıların qürur simvolu olan iki komandanın dostluq matçında qarşılaşması mənəvi birliyin təntənəsi ola bilər.

Qurbanovun açıqlamasının ardınca daha bir diqqətçəkən təklif irəli sürülüb: “Qarabağ” və “Traktor” arasında dostluq matçı Xankəndi stadionunda keçirilsin!

Təklifi Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas səsləndirib.

O bildirib ki, “Traktor” klubu AFFA tərəfindən Azərbaycana dəvət edilməlidir:

“Ağdam hələ hazır deyil, stadionu yoxdur. Ona görə də bu yoldaşlıq oyunu Xankəndidə keçirilə bilər. “Qarabağ” klubu bir dəfə Xankəndidə kubok oyunu oynayıb və 6-7 min tamaşaçı qarşılaşmanı izləyib. İndi də “Traktor” komandasını AFFA dəvət etməlidir. Bu yaxınlarda İran Prezidenti Azərbaycana gəlmişdi, yüksək səviyyədə qarşılandı. Yüksək səviyyədə müqavilələr, sənədlər imzalandı. Çox yaxşı olar ki, dəvət etsinlər, “Traktor” gəlsin və təbii ki, Xankəndidə oyun olsun. Rövnəq Abdullayev AFFA rəhbəri olanda İspaniya komandasını Azərbaycan millisi ilə oynamağa dəvət etmişdilər. Belə yoldaşlıq görüşləri çox olur. İndi “Traktor” gələr, oyun olar, sevinərik. Daha sonra “Qarabağ” Təbrizə gedər, orada növbəti qarşılaşma olar. Buna da sevinərik”.
Top