Zelenski: Ukrayna 30 günlük atəşkəsə hazırdır

Zelenski: Ukrayna 30 günlük atəşkəsə hazırdır


Ukrayna Prezidenti Vlodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı bildirib ki, Kiyev bu gündən etibarən 30 günlük atəşkəsə hazırdır.

EmpaTv.az xəbər verir ki, bu barədə Ukrayna lideri danışıqlardan sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Prezident Trampla yaxşı söhbətimiz oldu. Biz iqtisadi tərəfdaşlıq haqqında sazişin (Ukrayna və ABŞ arasında faydalı qazıntılar haqqında saziş – red.) Ali Rada tərəfindən ratifikasiya edilməsini alqışladıq – bu, əməkdaşlıq üçün bir çox yeni imkanlar açan həqiqətən tarixi sənəddir.

Sülh naminə bundan sonra da səylərin göstərilməsinin zəruriliyini, xüsusən də atıla biləcək konkret addımları müzakirə etdik. Prezident Tramp döyüş meydanındakı vəziyyətlə maraqlandı və ona məlumat verdim. Həmçinin bildirdim ki, Ukrayna hətta bu gündən başlayaraq 30 günlük atəşkəsə hazırdır.

Rusiyanın bu təkliflə razılaşacağını gözləyirik. Mən də təsdiqlədim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır. Lakin bunun üçün Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən başlayaraq müharibəni bitirmək niyyətinin ciddiliyini göstərməlidir”, - Zelenski vurğulayıb.

Bundan əvvəl Tramp “Truth Sosial” sosial şəbəkəsində Ukraynada atəşkəs əldə olunmayacağı təqdirdə sanksiyalarla hədələyib.
Top