Azərbaycanla CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanla CİAT arasında əməkdaşlıq memorandumu imzalanıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) ilə əməkdaşlıq memorandumu imzalayıb.

Empatv.az  bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Çilinin paytaxtı Santyaqoda CIAT-nin 59-cu Baş Assambleyası keçirilib. Tədbirdə ölkəmizi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən, xidmət rəisinin müşaviri Sərxan Həşimov və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin şöbə rəisi Faiq İsazadə təmsil ediblər.

Çili Vergi Xidmətinin təşkilatçılığı ilə baş tutan tədbir cari ildə “Vergidən yayınma və vergi cinayətləri ilə mübarizədə vergi administrasiyalarının rolu”na həsr olunub. Baş Assambleyada Amerika, Avropa, Afrika və Asiyadan 58 ölkənin nümayəndə heyətləri və beynəlxalq təşkilatlar iştirak edib, vergidən yayınma və cinayətkarlıqla mübarizə, informasiya mübadiləsi və institusional əməkdaşlıq, faktura saxtakarlığı, qaçaqmalçılıq və təşkilatlanmış cinayətkarlıq məsələlərinə dair geniş müzakirələr aparılıb.

Səfər çərçivəsində sözügedən əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər vergi inzibatçılığının səmərəliliyini gücləndirmək, bunun üçün təlim proqramları üzrə əməkdaşlıq etməyə razılaşıblar. Memorandumu Azərbaycan tərəfdən S.Həşimov, CIAT tərəfdən icraçı katib Marcio Ferreira Verdi imzalayıblar.

CIAT vergi administrasiyalarının modernləşdirilməsi və gücləndirilməsinə xüsusi texniki yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1967-ci ildə yaradılan təşkilat vergidən yayınma hallarının qarşısının alınması və könüllü əməletmə vərdişlərinin möhkəmləndirilməsi sahəsində şəffaflıq və etik davranış qaydaları kimi dəyərləri təşviq edir, ölçülə bilən nəticələrin əldə olunması üçün fəaliyyət göstərir.
Top