İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq üçün şərtini açıqlayıb

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq üçün şərtini açıqlayıb


ABŞ İrana qarşı sanksiyaları ləğv edərsə, Tehran uranın zənginləşdirilmə səviyyəsini məhdudlaşdırmağa və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından əl çəkməyə hazırdır.

Empatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, NBC telekanalı bu barədə İranın Ali dini lideri Ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şamxaniyə istinadla məlumat yayıb.

Generalın sözlərinə görə, Birləşmiş Ştatlar İranın təklifi ilə razılaşarsa, Tehran beynəlxalq müşahidəçiləri nüvə obyektlərinə buraxmağa və uranın sırf mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verəcək.

İran rəsmisi, həmçinin hesab edir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonla Tehran arasında razılaşmanın qarşısını almağa çalışacaq.

Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.
Top