Aşağı baxmağa qorxursan… Bəs irəli niyə düşünmədən gedirsən?

Aşağı baxmağa qorxursan… Bəs irəli niyə düşünmədən gedirsən?


Hər iki addım – həyatla ölüm arasında sərhəddir.

Bəzən insanlar hündür binanın pəncərəsindən aşağı baxmaqdan çəkinir, qorxur. Ancaq eyni insanlar yol keçərkən irəliyə düşünmədən addım atır – həyatlarını təhlükəyə ataraq. Hər iki hal – həm binadan atılmaq, həm də keçid olmayan yerdən yolu keçmək – eyni sonluğa aparan risklər daşıyır.

Araşdırmalar göstərir ki, 70 km/saat sürətlə hərəkət edən avtomobilin vurduğu piyadanın sağ qalma ehtimalı cəmi 10–20% təşkil edir. Bu göstərici, özünü 9-cu mərtəbədən atmaqla eyni riski daşıyır. İnsan özünü binadan atmaz, çünki nəticənin faciəvi olacağını anlayır. Bəs niyə eyni təhlükəni dərk etmədən, keçid olmayan yerdən yolu keçir?

Unutmayaq ki, piyada olaraq bir qaydanı pozmaq, sadəcə inzibati məsuliyyət deyil – bəzən geri dönüşü olmayan bir faciənin başlanğıcıdır. Keçid olmayan yerlərdə yola çıxmaq, diqqətsiz hərəkət etmək təkcə öz həyatınızı deyil, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlara qaydalara ciddi riayət etməyi, yalnız müəyyən olunmuş keçid yerlərindən istifadə etməyi və yolun hər bir addımında düşünülmüş davranmağı tövsiyə edir.

Qaydaya əməl et – həyatını qoru.
Top