Azərbaycan 11-ci CFA CEE İnvestisiya Konfransında təmsil olunub

Azərbaycan 11-ci CFA CEE İnvestisiya Konfransında təmsil olunub


"Bakı Fond Birjası" (BFB) QSC mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Sabancı Mərkəzində keçirilmiş 11-ci CFA CEE İnvestisiya Konfransında iştirak edib.

Empatv.az Report-a istinadən xəbər verir ki, tədbirdə regional və qlobal maliyyə liderləri bazarların inkişafı, sərhədyanı əməkdaşlıq, qlobal kapitalın cəlbi, eləcə də innovasiya, tənzimləmə və rəqəmsallaşmanın transformativ təsiri kimi mövzuları müzakirə etmək üçün bir araya gəlib.

Konfransda çıxış edən Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı direktoru Fatih Birol enerji təhlükəsizliyi, investisiyalar və iqlim tədbirləri ilə bağlı fikirlərini bölüşüb. Türkiyənin xəzinə və maliyyə naziri cənab Mehmet Şimşek ölkə iqtisadiyyatı, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan isə pul-kredit siyasəti, makroiqtisadi sabitlik və qlobal maliyyə mühitindəki dəyişikliklər haqqında məlumat verib.

Konfrans boyu keçirilən panel müzakirələrində regional fond birjalarının dəyişən rolu, risklərin idarə olunması, inkişaf strategiyaları və rəqəmsallaşan maliyyə ekosistemində uğur üçün tələb olunan bacarıqlar kimi mövzular müzakirə olunub.

BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bazarın inkişafı və sərhədyanı əməkdaşlığa həsr olunmuş panel müzakirəsində çıxış etmişdir. Paneldə qlobal kapitalın cəlbi, innovasiyaların təşviqi və tənzimləyici çərçivələrin gücləndirilməsi strategiyaları müzakirə olunub, eyni zamanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində fond birjalarının əsas rolu vurğulanıb.

Konfransda qlobal investorlar, beynəlxalq maliyyə qurumları, regional tərəfdaşlar və tənzimləyici orqanlar da daxil olmaqla 500-ə yaxın iştirakçı iştirak edib, bu da regionun maliyyə mənzərəsini formalaşdırmaq məqsədilə dialoq, əməkdaşlıq və gələcəyə yönəlik fikir mübadiləsi üçün əlverişli mühit yaradıb.
Top