Xaçmazda “Qərbi Azərbaycan-Yurd yerimiz” festivalı keçirilib

Xaçmazda “Qərbi Azərbaycan-Yurd yerimiz” festivalı keçirilib


Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” adlı festival təşkil olunub.

Empatv.az Report-a istinadən bildirir ki, şəhərin Zəfər Parkında keçirilən festivalda rayon rəhbərliyi, Milli Məclisin deputatları, ziyalılar, icma üzvləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Festival çərçivəsində qonaqlar Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, mətbəxini özündə əks etdirən sərgi ilə tanış olub, aşıq sənəti, yallı nümunələri və Qərbi Azərbaycana aid bədii qiraət nümunələrindən ibarət kompozisiyalara tamaşa ediblər.

Onlar həmçinin Şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənənələrini əks etdirən nümunələrlə tanış olub, rayonda istehsal edilən məhsulların sərgisinə baxıblar.

Qonaqlara Xaçmaz rayonunda bağçılığın geniş inkişafı və yetişdirilən müxtəlif meyvələr haqqında məlumat verilib.

Qeyd olunub ki, rayonda yeni yaradılan emal və istehsal müəssisələri sahibkarlığın inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.

Festivalda tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Top