Geosiyasi risklər fonunda Azərbaycan turizmi: Təhlükə, yoxsa fürsət?

Geosiyasi risklər fonunda Azərbaycan turizmi: Təhlükə, yoxsa fürsət?


Son dövrlərdə region ölkələrində müşahidə olunan siyasi və hərbi gərginliklər - xüsusilə İsrail-İran və Hindistan-Pakistan münaqişələri - turizm sektoruna birbaşa təsir göstərir. Bu proseslərdən Azərbaycan da kənarda qalmır. Hədəf bazarlar sırasında yer alan həmin ölkələrdən gələn turistlərin sayında azalma qeydə alınır.

Empatv.az bu kontekstdə Azərbaycan turizminin mövcud vəziyyəti və ehtimal edilən risklərə qarşı hazırlıq səviyyəsi ilə bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib ki, regionda baş verən münaqişələr, gərginliklər və müharibə şəraiti ilk növbədə turizm bazarına mənfi təsir göstərir: "Çünki istənilən gərginlik zamanı insanlar səyahətlərini təxirə salır, daha təhlükəsiz yerlərdə qalmağa üstünlük verirlər və çox vaxt öz yaşadıqları ərazini tərk etməməyə çalışırlar".

Onun sözlərinə görə, bir müddət əvvəl Hindistan və Pakistan arasında yaranmış gərginlik bunun konkret nümunəsi olub:

“Həmin dövrdə bu iki ölkədən Azərbaycana olan rezervasiyalar ciddi şəkildə azalmışdı. Birbaşa uçuşlar ləğv olunduğu üçün, turist axınında da kəskin geriləmə müşahidə olunmuşdu. Halbuki Hindistan Azərbaycana ən çox turist göndərən ölkələrdən biri idi və bu ölkə 3-cü yerdə qərarlaşmışdı”, - deyə o qeyd edib.

C. Aşurov hesab edir ki, hazırda İsrail və İran arasında artan gərginlik də Azərbaycanın turizm bazarına mənfi təsir göstərə bilər:

“İsraildən Azərbaycana birbaşa uçuşlar həyata keçirilirdi və bu marşrut üzrə turist axını var idi. Eyni zamanda, İrandan da iyunun 15-dən etibarən Tehrandan və Təbrizdən birbaşa uçuşların başlayacağı gözlənilirdi. Amma son hadisələr fonunda bu reyslərin aqibəti sual altına düşüb. Hazırda hava məkanının bağlanması da turistlərin hərəkətinə maneə yaradır”.

Ekspert əlavə edib ki, qonşu regionlarda hər hansı bir gərginliyin olması, həmin ölkələrdən Azərbaycana səfərlərin dayanmasına və ya azalmasına səbəb olur. Bu da bazarda hiss olunacaq təsirlərə gətirib çıxarır.
Top