“Nə yaxşı ki, yolumuz

“Nə yaxşı ki, yolumuz "Muğam" Televiziya Müsabiqəsindən düşdü.” — IX "Muğam" Televiziya Müsabiqəsinin istedadlı iştirakçısı Ramil Hümbətli.


13 may tarixindən etibarən start götürən IX "Muğam" Televiziya Müsabiqəsi bu il də muğamsevərlərin diqqət mərkəzindədir. Müsabiqənin iştirakçılarından biri – muğam ifaçısı Ramil Hümbətli bu sənət yolunda keçdiyi mərhələləri, müsabiqənin onun həyatında oynadığı rolu və gördüyü peşəkar dəstəyi empatv.az-la bölüşdü.Ramil Hümbətlinin muğamla tanışlığı uşaq yaşlarından, daha dəqiq 2005-ci ildən başlayır. Bu ilin onun üçün əlamətdar olmasının səbəbi də elə budur,sənət yoluna qədəm qoymasının 20 illiyi məhz bu müsabiqəyə vəsiqə qazanması ilə qeyd olunur. Ramilin sözlərinə görə,o, əvvəlki illərdə də seçim turlarında iştirak edib, lakin budəfəki uğuru onun üçün xüsusi məna daşıyır:

“Arzuladığım məqsədlərimdən daha biri reallaşdı. Allaha çox şükür ki, bu günlərə yetişdim.”


Müsabiqənin hər bir həftəsi iştirakçılar üçün yeni repertuar seçimi, fərqli muğam şöbələrinin ifası və onların sənətkarlığının daha da təkmilləşdirilməsi baxımından dəyərli fürsətlər yaradır. Ramil Hümbətli qeyd edir ki, eyni muğam şöbələri müxtəlif iştirakçılar tərəfindən ifa olunsa da, fərqli yanaşma və səs çalarları tamaşaçılarda tamam fərqli duyğular doğurur:
“Musiqimizin, muğamın zənginliyi də məhz bundadır. Hər bir ifa, hər bir səs özünəməxsus duyğular yaradır.”


O həmçinin qeyd edir ki, bu müsabiqə ifaçının səhnə performansını və musiqi təhlilini inkişaf etdirmək baxımından böyük məktəb rolunu oynayır. İfalarına edilən iradlara da peşəkar yanaşaraq, gələcək çıxışlarında bu nöqsanları aradan qaldırmağa çalışdıqlarını vurğulayır:


“Əminliklə deyə bilərəm ki, bu müsabiqə bizim ifaçı kimi yetişməyimizdə danılmaz rol oynayacaq. Burada öyrənəcəyik, inkişaf edəcəyik.

Ramil Hümbətli çıxışlarının arxasında dayanan zəhmətdən də bəhs edərək vurğulayıb ki, tamaşaçılar ifaları səhnədə hazır görsə də, bu prosesin arxasında ustadların illərlə ötürdüyü biliklər, günlərlə davam edən məşqlər dayanır. Sonda o bu müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü də ifadə etdi:

“Muğamımıza böyük dəyər verən ölkə başçımıza və onun xanımına, Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna və Azərbaycan Televiziyasına təşəkkür edirəm.


Müsabiqə isə davam edir və hər yeni ifa muğamın qüdrətini bir daha nümayiş etdirir. Bizi daha hansı gözəl çıxışların gözlədiyini isə zaman göstərəcək.
Foto[Mədəniyyət TV]

Xəbəri hazırladı : Aysu Qədirli
Top