30 İYUN – SEVGİYƏ ŞƏHİDLİKLƏ İMZA ATANLARIN GÜNÜ

30 İYUN – SEVGİYƏ ŞƏHİDLİKLƏ İMZA ATANLARIN GÜNÜ


Milli Sevgililər Günü: Sevgi deyiləndə ilk ağıla gələn tarix
Bu gün , 30 iyun Azərbaycanda illərdir xalq tərəfindən Milli Sevgililər Günü kimi yaşadılır. Bu tarix nə reklam təbliğatının məhsuludur, nə də süni şirinliklərlə bəzədilmiş bir gündür. Onu dəyərləndirən bir xalqın yaddaşı, onu ucaldan isə iki ad – İlham və Fərizədir.

Tarix 1989-cu ili göstərirdi. Bakıdakı “Leyla” şadlıq sarayında iki gəncin — İlham Allahverdiyev və Fərizə Nəbiyevanın toy mərasimi keçirilirdi. Onlar sadəcə bir-birini sevən insanlar deyildilər, onların sevgisi fədakarlığa, sədaqətə və tarixə çevriləcək qədər güclü idi. Elə bu səbəbdəndir ki, 30 iyun onların toy günü olsa da, bir xalqın sevgi anlayışının simvoluna çevrildi.

Lakin taleyin yazısı tez dəyişdi…
1990-cı ilin 20 Yanvar gecəsi vətənə sahib çıxan İlham sovet tanklarının qarşısında şəhid oldu. Cəmi 6 ay əvvəl “hə” dediyi həyatdan, sevdiyi qadından, ailəsindən ayrıldı. Bu ağır xəbəri eşidən Fərizə isə çox yaşaya bilmədi. Eşqinə sadiq qaldı, qəlbi İlhamla birgə dayandı...

Onlar indi də bir yerdədirlər , Şəhidlər Xiyabanında yan-yana uyuyurlar. Və bütün Azərbaycan gəncliyi hər 30 iyun tarixində onların məzarını ziyarət edir, onların sevgisinə dua oxuyur.Bu gün, 30 iyun təkcə sevdiyin şəxsə çiçək hədiyyə etmə günü deyil.
Bu, qurban verməklə ucalan bir eşqin günüdür. Bu, sözlə deyil, sədaqətlə yaşanan sevgilərin günüdür.

 Sevgi təkcə sən demək deyil, biz deyə yaşamaqdır. Biz deyə ölmək, biz deyə qalmaqdır...

İlham və Fərizənin hekayəsi bugünkü nəslə sevginin nə qədər dəyərli, bir o qədər də məsuliyyətli olduğunu xatırladır.

Bəlkə də, bu günün sükutunda, kiminsə qəlbində yenidən bir “Səni sevirəm!” doğular. Unutmayaq,bəzən ən sadə üzük ən əbədi sevginin simvoluna çevrilir...

Xəbəri hazırladı: Qədirli Aysu
Top