Belçikada nüvə obyektlərini hərbçilər mühafizə edəcək

Belçikada nüvə obyektlərini hərbçilər mühafizə edəcək


Belçika nüvə obyektlərində, o cümlədən iki atom elektrik stansiyasında müşahidə aparmaq üçün hərbi qüvvələrdən istifadə edəcək ki, bu işlə məşğul olan federal polis qüvvələrini paytaxt Brüsseldə artan cinayətkarlıqla mübarizəyə yönəltsin.

Empatv.az-ın məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında yerləşdirilən bəyanatda deyilir.

"1 iyul 2025-ci ildən etibarən Belçika hərbi qüvvələri ölkə ərazisindəki nüvə obyektlərində yenidən müşahidə təmin edəcəklər. "Sayıq müdafiəçi" əməliyyatı adlanan bu missiyanın məqsədi xüsusilə "Doel" və "Tihange" atom elektrik stansiyalarında mobil iştirak vasitəsilə federal polisə dəstək verməkdir", - bəyanatda qeyd olunur.

Belçika müdafiə naziri Teo Franke bildirib ki, bu vəzifəni hərbçilərə həvalə etmək qərarı federal polisin öz resurslarını "təhlükəsizlik sahəsində digər prioritetlərə" yönəltməsi üçün hökumətin sorğusu əsasında qəbul edilib: "Bu, paytaxtda xüsusi narahatlıq doğuran təhlükəsizlik vəziyyəti ilə izah olunan fövqəladə tədbirdir".

RTBF telekanalının məlumatına görə, hərbçilər avtomobilləri və ya çantaları axtarmaq kimi bütün adi hüquq-mühafizə vəzifələrini yerinə yetirə bilməyəcəklər. Bunun üçün onlar yenə də polis dəstəyi cəlb etməli olacaqlar. Dəstək isə federal polisdən deyil, yerli polisdən gəlməlidir. Bu da adıçəkilən orqan əməkdaşlarının iş yükünün artmasına səbəb olacaq.
Top