Uşaqların sevimlisi

Uşaqların sevimlisi "Ələkbər əmi" bu gün 64 yaşında olacaqdı…


Bu gün unudulmaz aktyor, minlərlə uşağın qəlbini sevinclə dolduran, duzlu-məzəli obrazları ilə illərlə sevgi qazanan Ələkbər Hüseynovun doğum günüdür. O yaşasaydı, bu gün 64 yaşını qeyd edəcəkdi.

Ələkbər Hüseynov sadəcə aktyor deyildi. O, uşaqlar üçün dünyanı daha rəngarəng göstərən bir "sehrbaz", böyüklər üçün isə incə yumor ustası idi. Səhnədə canlandırdığı hər obrazla tamaşaçıya bir parça sevinc, bir ovuc səmimiyyət bəxş edirdi. Ən çox da "Keçəl" obrazı ilə... Bu obrazın onunla bütövləşdiyini desək, yanılmarıq. İstanbuldan İrana, Türkmənistana qədər uzanan səhnələrdə Azərbaycanın adını ucaldan bu Keçəl bir festivalın deyil, bir nəslin yaddaşına qızıl hərflərlə yazıldı.
Ələkbər müəllim Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində uşaqlıq xəyallarına forma verirdi. O, həm aktyor idi, həm müəllim, həm də rəhbər , 2006-cı ildən etibarən isə Kukla Teatrının baş rejissoru kimi də fəaliyyət göstərirdi.
Gördüyü işlərə verilən dəyər isə mükafatlarla ölçülürdü: "Humay", "Qızıl Dərviş", Polşanın "Təbəssüm Ordeni"… Amma onun üçün ən böyük mükafat səhnədən eşitdiyi uşaq gülüşləri idi.

Əməkdar artist 2007-ci il avqustun 2-də uzun sürən xəstəlikdən sonra bu dünyadan köç etsə də, onun səsi, zarafatı, baxışı və ən əsası işıqlı obrazları bu gün də bizimlədir.
Bu gün isə ad günüdür… Ələkbər Hüseynovun yoxluğunda onun yaratdığı minlərlə xatirə danışır. Və hər dəfə Kukla Teatrının pərdəsi açılanda bir ümid doğur: bəlkə, bu dəfə səhnəyə "Ələkbər əmi"nin yaratdığı obrazlar çıxacaq…Xatirəsi əzizdir!
Ruhunuz şad olsun, "Ələkbər əmi"miz!

Hazırladı: Qədirli Aysu
Top