“Səssizliyin səsi” — Abbas Səhhəti anırıq!

“Səssizliyin səsi” — Abbas Səhhəti anırıq!


Bu gün, 11 iyul XX əsr Azərbaycan poeziyasının müdrik qələm sahibi, fikir adamı, maarifçi ziyalı Abbas Səhhətin anım günüdür. O sadəcə şair deyildi — o, şərq fəlsəfəsi ilə qərb maarifçiliyini öz varlığında birləşdirən bir dahi idi.

Səhhətin poetik ruhuna Nizami, Hafiz, Sədi kimi Şərq dühalarının dərin təsiri olmuş, eyni zamanda Tofiq Fikrət yaradıcılığı onun bədii dünyagörüşünü zənginləşdirmişdir. O yalnız Azərbaycan ədəbiyyatının yox, bütöv türk dünyasının poeziyasını diqqətlə izləyərək, sözün millətlərarası mənəvi körpü olduğuna inanırdı.

Abbas Səhhət həm də ideya adamı idi. O, Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qarşı kəskin mövqe sərgiləyir, əsərlərində isə “ümummüsəlman qərbçiliyi” ideyasını təşviq edirdi. O, əqidəli idi, səssiz mövqeli deyildi.Şairin Mirzə Ələkbər Sabir ilə dostluğu isə Şamaxının dar küçələrindən Bakının geniş meydanlarına qədər fikir birliyinin səsi kimi yayılmışdı. Onlar birgə gəzmiş, birgə susmuş, birgə danışmışdılar.
Eyni zamanda Səhhət yalnız yazan yox, quran adam idi. Kitabxana açır, məktəb salır, dərsliklər yazırdı. M.Mahmudbəyovla birlikdə ərsəyə gətirdiyi “Yeni məktəb”, “Üçüncü il”, “Türk ədəbiyyatına ilk qədəm” kimi dərsliklər gələcək nəsillərə maarif çırağı kimi yol göstərirdi.
O, Sabirin poetik irsinə də sahib çıxmış, “Hophopnamə”ni ilk dəfə nəşr etdirərək, ədəbiyyat tariximizə mühüm bir töhfə vermişdi.
Abbas Səhhət 1908-ci il İran inqilabına həsr etdiyi ilham dolu əsərləri ilə də sözün azadlıq uğrunda necə savaşdığını göstərirdi.
 Bu gün onu anmaq yalnız bir şairin yox, bütöv bir dövrün söz ruhunu anmaqdır.
Səhhət "susdu"...
Amma onun səsini kitabxanalarda, məktəblərdə, misralarda hələ də eşidirik....


Xəbəri hazırladı: Qədirli Aysu
Top