Tovuz döyüşlərindən 5 il ötür!

Tovuz döyüşlərindən 5 il ötür!


Bu gün — 12 iyul 2025-ci il. Azərbaycanın müstəqillik tarixində qürurla, eyni zamanda hüznlə xatırlanan Tovuz döyüşlərindən beş il ötür.

2020-ci ilin həmin günlərində Tovuz səmasında alovun, torpağında isə igidlərin nəfəsi dolaşırdı. Vətənə sadiqliyin ən uca zirvəsinə — şəhidliyə ucalan qəhrəmanlarımız sırasında general-mayor Polad Həşimovun adı bir bayraq kimi dalğalanır. Onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynalov və Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuşlar Elçin Mustafazadə və Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov da şəhidlik şərəfini yaşadılar.
Onlar sadəcə bir döyüşə yox, bütöv bir xalqın yaddaşına adlarını yazdılar. Tovuz səngəri təkcə hərbi mövqe deyildi , vətənə sevdanın, mübarizliyin və əyilməz ruhun sınaq meydanı idi.
Beş il ötür... Amma o səslər — “Vətən sağ olsun!”, “Biz buradayıq!” hələ də sanki dağlardan əks-səda verir. Hər iyulun 12-i xalq olaraq başımızı dik, gözlərimizi yaşlı saxlayırıq. Unutmuruq, unutmarıq!
Ruhunuz qarşısında baş əyirik, igidlər! Siz hər an, hər nəfəsdə, hər dua içində yaşayırsınız...

Xəbəri hazırladı : Qədirli Aysu
Top