"Bəs sən o komediyaları kimin üçün yazırdın?” – Axundovun doğum günündə Zərdabi ilə söhbətini xatırlayırıq!


Bu gün – 12 iyul Şərqdə ilk realist dramaturq, filosof və maarifpərvər Mirzə Fətəli Axundovun doğum günüdür. Təkcə yazıçı yox, eyni zamanda bir cəmiyyət memarı olan Axundov bu torpağın təkcə ədəbiyyatını deyil, düşüncə tərzini də dəyişdi. Və bir dəfə... Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi ilə aralarında keçən bir dialoq tarixə düşdü.

Axundov Zərdabinin qəzet nəşr etdirmək istədiyini eşidəndə ona belə yazır:

 “Həsən bəy, Azərbaycanda elmsizlik, savadsızlıq baş alıb gedir. İnsanlar yazıb-oxumaq bilmir, öyrənməyə də həvəs göstərmir. Sən o qəzeti kim üçün çıxarırsan?”
Zərdabi isə bu sualı elə sualla cavablandırır:

“Mirzə, bəs sən Azərbaycanda teatr tikilməyə-tikilməyə, aktyor olmaya-olmaya o komediyaları kimin üçün yazırdın?”

Bu cavabda həm ironiya, həm gerçəklik, həm də böyük bir inam vardı — gələcəyə, insana, maarifə.

Axundov yazırdı, çünki o bilirdi: “bir gün o komediyaları oxuyan olacaq”. Zərdabi yazırdı,çünki o da inanırdı: “bir gün qəzet oxuyan olacaq”. Bu gün isə bizlər oxuyuruq – qəzet də, kitab da, komediya da...

Mirzə Fətəli Axundov təkcə “Molla İbrahimxəlil kimyagər”i, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ı yazmadı – o düşünən, sual verən, gülən və düşündürən bir xalqın başlanğıcını qoydu.

Axundov doğulmasaydı, bəlkə də,teatr pərdəmiz, mətbuat dilimiz, maarif yolumuz bu qədər tez açılmazdı.

Sabah o yenə də doğulacaq. Yenə və yenidən — hər oxucunun düşüncəsində, hər aktyorun səhnəsində, hər jurnalistin cümləsində...

Qədirli Aysu
Top