1957-ci il Spagetti zarafatı. Medianın kütlə üzərindəki gücünün simvolu.

1957-ci il Spagetti zarafatı. Medianın kütlə üzərindəki gücünün simvolu.


1957-ci il aprelin 1-də BBC-nin “Panorama” proqramında yayımlanan üç dəqiqəlik reportajda İsveçrədə bir ailənin spagetti ağacından məhsul yığması göstərildi. O dövrdə Britaniyada spagetti geniş yayılmadığı üçün minlərlə insan bu xəbərə inandı və BBC-yə zəng edərək spagetti ağacı yetişdirməyin yollarını soruşdu.

Reportaj Aprel Axmaqları Günü üçün hazırlanmış zarafat idi. Süjetin müəllifi Charles de Jaeger, redaktor Michael Peacock və tanınmış aparıcı Richard Dimbleby birlikdə bu zarafatı reallaşdırmışdılar.

Həmin gün -1957-ci il aprelin 1-də təxminən səkkiz milyon nəfər bu proqramı izlədi. Ertəsi gün isə yüzlərlə tamaşaçı BBC ilə əlaqə saxlayaraq reportajın doğru olub-olmadığını soruşdu və ya spagetti becərmək, spagetti ağacı yetişdirmək barədə ətraflı məlumat almaq istədi. BBC onlara belə cavab verdi: “Bir budaq spagettini pomidor sousunun içinə qoyun və ən yaxşısına ümid edin.”

Onilliklər sonra CNN bu yayımı “hər hansı nüfuzlu xəbər qurumunun indiyə qədər çəkdiyi ən böyük saxtakarlıq” adlandırdı.

Bu hadisə təkcə televiziyada edilən ilk böyük zarafatlardan biri deyil, həm də media etibarının nə qədər güclü təsirə malik olduğunu göstərən əlamətdar nümunə kimi yadda qaldı.
Top