“Muğam müsabiqəsini yola vermək olmaz!” – Sərdar Fərəcovdan Yusif Cəfərbəyliyə sərt irad

“Muğam müsabiqəsini yola vermək olmaz!” – Sərdar Fərəcovdan Yusif Cəfərbəyliyə sərt irad


Dünən IX “Muğam” Televiziya Müsabiqəsinin 10-cu həftəsinin ilk dinləməsi baş tutub. Gecədə səhnəyə çıxan iştirakçılardan biri – Yusif Cəfərbəylinin ifası digər həftələrlə müqayisədə daha çox tənqid hədəfinə çevrilib. Tanınmış bəstəkar,xalq artisti, münsif üzvü Sərdar Fərəcovun açıqlamaları isə rezonans doğurub.

“Simasız muğam” və “qarışıq Dilkeşlər”
Sərdar Fərəcov çıxışı zamanı Yusifin ifasına bu sözlərlə münasibət bildirib:
 “Yusifin hər həftə yaxşı oxumağını qeyd edirlər, bu düzdür. Ancaq bugünkü oxumağında bəzi iradlarımız olacaq. Əvvəla, ifanda bir qədər simasız muğam oldu. Toxunan muğam kimi oxumadın. Özü də bu Dilkeşi nə qədər oxuyarlar? Şahnazda Dilkeş, Şurda, Rastda Dilkeş... Bu yola verməkdir! Müsabiqəni yola vermək olmaz!”


Ənənəvi muğam formalarının bu şəkildə təkrar və “məzmunu boşalmış” təqdim olunması, bəstəkarın fikrincə, sənətə olan məsuliyyətlə uzlaşmır.
Qəzəl və təsnif arasında uyğunluq problemi...

Fərəcov təkcə muğam icrasına deyil, Yusifin İmadəddin Nəsiminin qəzəlinə seçdiyi təsniflə bağlı da irad səsləndirib. Onun sözlərinə görə, qəzəldəki fəlsəfi və faciəvi məzmunla ifa olunan təsnif arasında ziddiyyət var:

 “O cür gözəl bir qəzəldən sonra "Tar-kamanım, gəl-gəl" təsnifi uyğun seçilməyib. Bu təsnifin öz yeri var. Məclisdə, ya yüngül ovqatlı proqramlarda olar. Bugünkü səhnəyə, bugünkü müsabiqəyə isə yaraşmır.”

 “Məni görüb, qaş-göz atır” — dəyişdirilən misra...

Sərdar Fərəcovun ən çox diqqət çəkən fikirlərindən biri isə təsnifin mətni ilə bağlı olub. Arif Babayevin ifasında “Məni görüb, xəstə yatır” misrası ilə təqdim olunan təsnifin, Yusif tərəfindən “qaş-göz atır” formasında dəyişdirilməsi münsifin sərt reaksiyasına səbəb olub:

“Bu nədir? Heç uyğun gəlir? Məclisə uyğun gəlir? Səhnəyə uyğun gəlir? Bunu, bəlkə, hansısa toyda oxuyarsan, kiməsə xoş gəlmək üçün, kimisə güldürmək üçün... Amma bu bizə zövq vermir.”

Sonda bəstəkar ifaya 9 bal verdiyini bildirsə də, bu qiymətin əvvəlki ifaları nəzərə alaraq verildiyini, əslində, 7–8 bal dəyərində olduğunu vurğulayıb.

Muğam yalnız adicə ifa deyil, həm də böyük məsuliyyətdir!

Sərdar Fərəcovun bu açıqlamaları muğam sənətində orijinallıq, məna yükü və səhnəyə hörmət mövzularını bir daha gündəmə gətirib. Qeyd edilən iradlar sənətçilərin repertuar seçiminə və mətni dəyişdirmə məsuliyyətinə dair geniş müzakirələrə yol aça bilər!

Qədirli Aysu
Top