Prezident İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir

Prezident İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir


Ermənistan və Azərbaycanın maraqları müəyyən məqamlarda üst-üstə düşə bilər, lakin İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir.

Empatv.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.

“Ermənistan və Azərbaycanın maraqları üst-üstə düşə bilər. Lakin Ermənistan bu məsələni hər zaman fərqli şəkildə görüb. Əgər vaxtilə işğal, azərbaycanlıların deportasiyası və soyqırımı baş verməsəydi, bu gün Cənubi Qafqazda vəziyyət tamam başqa cür olardı. Region çoxdan inteqrasiya olunar, bu qədər vaxt və imkanlar itirilməzdi”, - İlham Əliyev vurğulayıb.

Prezident vurğulayıb ki, səbəb SSRİ-nin dağılmasından sonra Ermənistanı idarə edən rejimlərin işğalçı mahiyyətindədir. "Onların heç biri Azərbaycana qarşı əsassız təcavüz məsələsində bir-birindən fərqlənmirdi", - deyə İlham Əliyev bildirdi.

O, həmçinin əlavə etdi ki, ərazilərin qaytarılmasından sonra erməni tərəfi ilə prinsipial ziddiyyətlər görmür.

Ermənistanın Baş naziri ilə Əbu-Dabidəki görüşü barədə danışan İlham Əliyev, İrəvandan gələn şərhlərlə tanış olduğunu qeyd etdi:

"Mən Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi daha əvvəl tanımaq lazım olduğu barədə dedikləri ilə tanış oldum. Lazım idi, mən ona bu barədə həm 2018-ci ildə, həm də 2019-cu ildə demişdim. Mən xəbərdarlıq etmişdim ki, daha pis olacaq", - deyə dövlət başçısı qeyd etdi.

"Müzakirə etdiyimiz mövzulardan biri tərəflər arasında etimadın son dərəcə aşağı səviyyədə olmasıdır və bu tamamilə başa düşüləndir. Bizim mövqeyimiz həmişə dəyişməz qalıb: mən necə deyirdimsə, Qarabağ Azərbaycandır, elə də deməyə davam edirəm. Eyni zamanda, erməni mövqeyi dəyişirdi. Bunun yenidən baş verməyəcəyinə dair zəmanətlər varmı? Məndə belə zəmanətlər yoxdur. Buna görə də separatizmə son qoyacaq beynəlxalq-hüquqi mexanizmlər lazımdır. Bunun üçün, xüsusilə, ATƏT-in Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi tələb olunur", - deyə İlham Əliyev vurğuladı.
Top