
QADIN ENERJİSİ
Son zamanlar çox eşitdiyimiz «Qadın enerjisi» haqqında desəm öldürərlər, deməsəm ölərəm məsəlindəkı kimidir düşüncələrim. Deməliyəm! Çünki artıq azğınlaşır zərif varlıqlar. Daha doğrusu, süni şəkildə azğınlaşdırılır. Məhz çiyin atan, göz-qaş oynadan, kamera qarşısında qeyri-etik davranışlar sərgiləyən, çılpaqlıqlarını nümayiş etdirən bəzi “yaşam koçları” və psixoloq olmaq sevdasına düşən, amma, ola bilməyənlər bu etdiklərini dişil enerji adlandıraraq, dişil enerjinin nə olduğunu bilməyən, onlara özənən, qayğıya, sevgiyə, diqqətə ehtiyac duyan qadınları özlərinə cəlb edirlər.
Qadın enerjisinin əslində nə olduğunu bilməyən bu qadınlar isə, onların toruna düşürək, ciddi şəkildə psixoloji problem yaşayır və bu problem normal ailələrin dağılmasına qədər gətirib çıxarır. Bunun da adını emosional ehtiyacın ödənilməməsi qoyurlar.
Emosional ehtiyyac ancaq qadına məxsusdur?
Cəmiyyət ancaq qadından ibarətdir?
Dışıl enerji var, eril enerji yoxdur?
Buna biraz da qadın hüquqları və kişi huquqları kimi baxsaq olmazmı?
Bəs qadın və kişi hüquqları bərabər idi? Enerji və maddiyyata gələndə niyə dişil enerji eril enerjini üstələyir?
«Yaşam koçu və psixoloq»larının məqsədi qadınlarda qadınlığı artırmaqdırsa, bunu doğru şəkildə öncə nə olduğunu izah etmək, sonra təbliğ etmək lazımdır. Sosial şəbəkələrdə qarşınıza yəqin ki, indi yazacağım cümlələr çox çıxıb:
21 addımda qadın enerjisinin artırılması!
Qadın enerjisi və cazibəsinin açarı!
Qadın enerjisi və pul! və s.
Sonuncu cümləyə daha çox diqqət yetirin. Çünki bəzi dırnaqarası yaşam koçları və psixoloqlar qadınlara ən çox pul və hədiyyə tələb etməklərini tövsiyə edirlər. Əvvəldə vurğuladığımız emosianal ehtiyacın qarşılanmaması problemi də məhz pul və hədiyyə tələbinin gerçəkləşdirilmədiyi anda yaranır. «Maşın alınmalı, hesabın ödənməli, hər il yeni model telefon aldırılmalı və digər maddi tələbatların mütləq bir bəy tərəfindən qarşılanmalıdır» – bu sözlər qadında qadın enerjisinin yox, özünü pula sat anlayışının təbliğindən başqa bir şey deyil!
Bir sözlə, əziz qadınlar münasibət və ailə nə pul nə də hədiyyə üzərində qurulur. Bunların qadın enerjisinə heç bir aidiyyatı yoxdur.
Qadın enerjisi doğuşdan var olan yəni fitrətinizə aşılanmış hisdir, «nə iləsə» formalaşdırmaq olmur.
Qadın enerjisi - bir qadının daxili gücü özgüvəni, sədaqəti, anlayışı, ailə dəyərlərini önəmsəməsi, var ilə yoxu ayırd edə bilməsi, xanımlığı, ən əsası ana instinktinin və qadın anlayışının zərafətini üzərində daşıya bilməsidir.
Qadın enerjisi əsla açıq-saçıqlıq, iki ayağını bir başmağa dirəmək, başqa həyatlara baxıb özənmək, üzdəniraq «koç və psixoloq»larınızın sizə tövsiyyə etdiyi pul, hədiyyə və digər gözləntilər deyil. Ruhsal sağlığınızı - psixologiyanızı olduğunuz həyatın başqa bir tərəfində deyil, düşüncə tərzinizi, baxış bucağınızı dəyişərək qoruyun. Bunun üçün etməyiniz vacib olan tək şey kiminlə ünsiyyətdə olduğunuza, kimi özünüzə ağıl danışanı seçdiyinizə diqqət edin. Və bu cür oyunlara gəlməyin.
Sevinc Rəcəbova
Jurnalist