İllərə Meydan Oxuyan Peşəkarlıq
Məşhur "Adventure Time" (Macəra Zamanı) cizgi serialında vurğulanır ki, "Bir şeydə uğursuz olmaq, o şeydə uğurlu olmağın ilk addımıdır."Bunun bariz nümunəsi kimi hal-hazırda dünya mediasında aktual olan Kriştianu Ronaldunun Səudiyyə Ərəbistan Liqasında çempionluğundan söz açmaq istərdim.
2023-cü ildə "Mançester Yunayted"dən ayrıldıqdan sonra fantastik bir qərarla "Al Nassr" klubunun yolunu tutan ulduz futbolçu artıq neçə ildir ki, bu liqada zirvəyə çıxmağı hədəfləsə də, buna nail ola bilmirdi.
Acı göz yaşları, medianın təzyiqi və klubun istəksiz oyunu artıq bu çempionluğun gəlməyəcəyinə rəvac verirdi.
Amma bütün bunlara rəğmən, Ronaldu bu kubokdan ümidini bir an belə olsa üzmədi, hər kəsdən çox çalışdı, bacardığı qədər qollar vurub assistlər etdi və nəhayət, 2025-2026-cı il mövsümünün son liqa oyununda gözlənilən çempionluq gəldi. Çempionluq oyununda 2 qol vuran Ronaldunun göz yaşları məhz illərə sinə gərən peşəkarlığın, əzmin və uğura olan aclığın parıltısı idi.
Bu gün geriyə dönüb baxdığımızda İngiltərə, İspaniya və İtaliya kimi nəhəng liqalarda çempionluq yaşayıb, 5 dəfə də Çempionlar Liqasını qazanmış biri üçün Səudiyyə Ərəbistan Liqasındakı çempionluğun niyə bu qədər böyük əhəmiyyət kəsb etdiyi futbolla yaxından-uzaqdan maraqlanan hər kəs üçün qəribə görünə bilər. Fəqət bu da bir faktdır ki, əsl çempionlar nə qədər titul, kubok və medal qazanırlarsa qazansınlar, ağılları hələ də qazanmadıqlarında qalır. Necə ki, həyatda da belədir.
Son olaraq, 41 yaşında karyerasının 37-ci kubokunu əldə edən və bir peşəkarlıq nümunəsi sayılan Ronaldu gənc xəyalpərəstlərə bəlkə də bunu göstərdi: Xəyallarınızın ardınca qaçmağa davam edin, əlbəttə, onlar bir gün yorulacaqlar.
Hazırladı: Aparıcı Murad Hümbətov