Kardaşyandan Qarabağla bağlı növbəti təxribat xarakterli paylaşım

Kardaşyandan Qarabağla bağlı növbəti təxribat xarakterli paylaşım



Erməni əsilli model Kim Kardaşyan İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşım edərək, saxta məlumat yaymağa cəhd edib. 

Axşam.az-ın məlumatına görə, Kardaşyan İsrailə dəstək olduğunu bildirib.

"Mesajım yəhudi dostlarım üçündür: sizi sevirəm, dəstəkləyirəm. Hadisələr zamanı nə qədər qorxulu anlar yaşadığınızı eşitmişəm. Bilməyinizi istəyirəm ki, siz tək deyilsiniz. Bütün dünyanın gözü önündə terroristlərin ailələri, uşaqları məhv etməsi videolarına baxdıqca ürəyim parçalanır. Terroristlər yüzlərlə insanın həyatına son qoydu. İndi İsrail və Fələstində yaşayan dinc əhali əziyyət çəkir" deyə, o, vurğulayıb.

Lakin Kardaşyan İsraildə baş verən həssas hadisələrdən sui-istifadə edərək paylaşımını daha sonra Azərbaycanın Qarabağ bölgəsi ilə əlaqələndirib.

"Bir erməni olaraq, bu tip məsələlərə xüsusi həssaslıqla yanaşıram. İndi də "Artsax" ermənilərdən etnik təmizlənməyə məruz qalıb" deyə, o, postunda yenidən yalan məlumatlar yazıb. O, əsassız iddiaları ilə özünü xeyirxah biri kimi təqdim etməyə çalışıb. 

Kardaşyanın yalanları arasında ermənilərin humanitar yardımsız halda qaldıqları fikri də yer alıb. Model paylaşımda şərh bölümünü bağlayaraq, izləyicilərin fikir yazmasına imkan verməyib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına başlayıb. İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaqdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərə çatdırıb ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər qeydiyyatdan keçərək, Azərbaycan dövlətinin himayəsindən istifadə edə bilərlər. Eyni zamanda qeydiyyatdan keçən erməni sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır.

Onu da əlavə edək ki, bu yaxınlarda erməni bloger Roman Baqdasaryan separatçı rejimin Qarabağda guya "blokada" və "aclıq" olduğunu iddia edən nümayəndələrini ifşa edib. O, Qarabağda onlarla anbarın ərzaqla dolu olduğunu və erməni məmurların öz xalqını qəsdən ac qoyduğunu vurğulayıb. "Təəssüf ki, Azərbaycan yalan danışmır. "Artsax"da onlarla anbar ərzaqla doludur və məmurlar öz xalqını bilərəkdən ac qoyublar. Yemək çox idi, amma "Artsax"ın deputatları, nazirləri və Milli Təhlükəsizlik Xidməti xalqı bilərəkdən ələ saldılar. Məsələn, Arayik Arutyunyanın Qırmızı bazarda və "Maçkalaşen" yaxınlığında (red. Xocavənd rayonunun Cütcü kəndi) bir illik günəbaxan yağı ehtiyatı olub" deyə, o, paylaşımında deyib. 


Top