Cəlil Məmmədquluzadə Anım Günü

Cəlil Məmmədquluzadə Anım Günü


"Milləti yaşadan onun dilidir, fikridir, vicdanıdır".
-Cəlil Məmmədquluzadə

Bu fikir Cəlil Məmmədquluzadənin bütün yaradıcılığının, həyat mövqeyinin və mübariz ruhunun qısa, lakin son dərəcə dərin ifadəsidir. Bu gün Azərbaycan ədəbiyyatının, milli düşüncəsinin və ictimai tənqid məktəbinin banilərindən biri olan Cəlil Məmmədquluzadənin anım günüdür. O, təkcə yazıçı deyildi - o, bir dövrün aynası, bir millətin vicdanı idi. Cəlil Məmmədquluzadə sözə bəzək vurmaq üçün yazmırdı. Onun qələmi oxşamaq üçün yox, oyatmaq üçün idi. O yaxşı bilirdi ki, cəmiyyətin ən böyük faciəsi yoxsulluq deyil, düşünməməkdir. Elə buna görə də yazırdı:
"Bizim dərdimiz odur ki, görürük, amma görmək istəmirik". Cəlil Məmmədquluzadə XIX əsrin sonu - XX əsrin əvvəllərində xalqın içində kök salmış cəhaləti, ədalətsizliyi, fanatizmi və biganəliyi qələm gücü ilə ifşa edən nadir şəxsiyyətlərdəndir. Onun üçün ədəbiyyat sadəcə sənət deyildi; ədəbiyyat xalqı oyatmaq, düşündürmək və silkələmək vasitəsi idi. Yazıçı inanırdı ki, susan millət yox olmağa məhkumdur. Elə buna görə də o, həmişə acı həqiqəti deməyi seçirdi.

Cəlil Məmmədquluzadənin yaradıcılığında insan taleyi və sosial ədalətsizliklər əsas mövzulardır. Onun hekayələrindəki obrazlar uydurma deyil - onlar cəmiyyətin içindən çıxmış canlı insanlardır. Yazıçı sanki oxucuya güzgü tutur və deyirdi: "Bax, bu sənin halındır. Gör və düşün". Onun satirası və acı gülüşü oxucunu həm güldürür, həm də dərindən düşündürür. Onun bütün yaradıcılığı bu görmək istəməməyə, bu laqeydliyə qarşı yönəlmişdi. Cəlil Məmmədquluzadə üçün susmaq cinayət idi. O inanırdı ki, haqqsızlıq qarşısında susan insan, həmin haqsızlığın bir hissəsinə çevrilir. Yazıçı deyirdi: "Susmaq razılıqdır".Və bu razılığa o, ömrü boyu qarşı çıxdı.

"Molla Nəsrəddin" jurnalı Cəlil Məmmədquluzadənin fikir dünyasının zirvəsi hesab olunur. Bu jurnal vasitəsilə o, cəmiyyətdəki ikiüzlülüyü, savadsızlığı, qadın hüquqlarının tapdanmasını və dinin yanlış yozumunu açıq şəkildə tənqid edirdi. Onun fikrincə, insan düşünmürsə, oxumur və soruşmursa, azad ola bilməzdi. O yazırdı:
"Bizim dərdimiz nadanlıqdır, qorxudur, susmaqdır". Həmçinin bildirirdi ki: "Din savadsız insanın əlində zəncirə çevrilir". Bu cümlələr onun düşüncə cəsarətinin ən parlaq nümunələrindəndir.

Cəlil Məmmədquluzadə üçün qadın azadlığı xüsusi önəm daşıyırdı. O, qadını cəmiyyətin kölgəsində deyil, mərkəzində görmək istəyirdi. Qadının savadlı olması, düşünməsi və söz haqqına malik olması onun üçün inkişafın əsas şərti idi. Bu mövzuda heç vaxt güzəştə getmir, açıq və sərt mövqe sərgiləyirdi. Onun fikrincə, "Anası savadsız olan millətin gələcəyi qaranlıqdır". Bu, sadəcə bir fikir deyil, gələcəyə ünvanlanan ciddi bir xəbərdarlıq idi. Cəlil Məmmədquluzadə xalqını sevirdi, amma bu sevgi kor-koranə deyildi. O, xalqını sevdiyi üçün onu tənqid edirdi. Çünki bilirdi ki, həqiqi sevgi yalanı gizlətmir. Yazıçı deyirdi: "Mən millətimi ona görə danlayıram ki, onu itirmək istəmirəm". Onun dili sadə idi, çünki o, sadə insanlara səslənirdi. Süslü cümlələrdən qaçır, xalqın anlayacağı dildə yazırdı. Onun məqsədi tənqid olunmaq yox, başa düşülmək idi. O inanırdı ki, ədəbiyyat xalqa xidmət etməli, xalqdan uzaq düşməməlidir. Elə buna görə də deyirdi: "Söz ürəkdən çıxmayınca, ürəyə dəyməz".

Bu gün onu anarkən anlayırıq ki, Cəlil Məmmədquluzadə yalnız öz dövrü üçün yazmayıb. O, gələcək nəsillərə səslənirdi. Bu isə onun fikirlərinin nə qədər uzaqgörən və dərin olduğunu bir daha sübut edir. Bu gün də onun sözləri bizi düşündürürsə, deməli, problem hələ də yaşayır. Və bəlkə də yazıçının ən böyük ağrısı məhz buydu -dəyişməyən düşüncə. Cəlil Məmmədquluzadə bu dünyadan köçdü, amma onun sözü köçmədi. Çünki o söz qorxudan yox, vicdandan doğulmuşdu. O yazıçı idi, amma daha çox - bir müəllim idi. O bizə öyrətdi ki, susmaq günahdır, düşünmək borcdur, söz isə məsuliyyətdir.
O deyirdi ki, "Cəsarəti olmayan cəmiyyət həmişə başqasının kölgəsində qalacaq".

Bu anım günündə Cəlil Məmmədquluzadəni sadəcə yad etmirik. Biz onunla bir sual da üz-üzə qalırıq: Biz bu gün düşünürükmü? Yoxsa hələ də susuruq?


Jurnalist Xumar Emilqızı
Top