Eşq insanı bir dəfəmi tapır?

Eşq insanı bir dəfəmi tapır?


“Bircəciyim” Azərbaycanda replikaları ən çox istifadə olunan filmlərdəndir. Məncə, bəzən bircə söz bütün bir insan ömrünü ifadə etməyə bəs edir. “Bircəciyim” kəlməsi də məhz belədir. Rejissor Ənvər Əblucun 1986-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırdığı eyniadlı filmə baxanda da insan ilk növbədə bu tək bir sözün içindəki böyük duyğuları, mürəkkəb insan münasibətlərini və taleyin sınaqlarını hiss edir.
Görkəmli yazıçımız İlyas Əfəndiyevin “ Sarıköynək və Veysəli nağılı” povestindən referans edilərək çəkilən bu film ən sevilənlər sırasına daxil ola bilmişdir. O, münasibətlərini, sevgi və məsuliyyət anlayışını pafosdan tamamilə uzaq, son dərəcə sadə və təsirli bir dillə təqdim edir. Filmdə elə bir səmimiyyət var ki, adam hadisələrin həyatın özündən qopub gəldiyinə tam inanır. Anasız-atasız iki uşağın bir-birinə yuva olması, dəstək olması çox gözəl şəkildə yansıdılıb. Onlar artıq gənc yaşlarından işləyib, öz ayaqları üzərində durmağa çalışırlar.
Hekayəmizdə təbii ki, mənfi obrazlar xüsusən öz sözünü deyir. Hər daim haqq deyən Valehi gözü çıxdıya salıb, hətta öldürməyə də cəhd göstərirlər. Valehi nə qədər aradan götürməyə çalışsalar da ədalətin “səsi” əsla susmur. Maşınla adam vurması iddia olunsa da onun düz danışdığı ortaya çıxır. Sarıköynək isə bu hadisələr cərəyan edərkən belə Valehə sadiq qalır. Heç bir zaman onu kiməsə dəyişmir.
 Filmdə Sarıköynək obrazı o qədər saf, o qədər təmiz qəlbli biridir ki, onun bu məsumluğu insanı sarsıdır. O, ətrafındakı dünyanı və insanları da özü kimi təmiz görür. Hətta o qədər sadəlövhdür ki, müstəntiq onu təkbaşına görüşə çağırıb, Valehi xilas edəcəyini vəd edəndə belə, onun qəlbindəki gizli, pis düşüncənin fərqinə vara bilmir. Bu bədbəxt hadisə qarşısında onun göstərdiyi kor-koranə inam, əslində real dünyadakı eybəcərliklərin bu cür saf qəlbləri necə yaralaya biləcəyinin ən bariz nümunəsidir.
Yeri gəlmişkən:”Lazım gəlsə, mən səni 50 il 100 il də gözləyərəm” replikası burdan götürülüb. Bu onların nağılıdır. Bəs biz sizə sual veririk: Sizcə, eşq “ bircə” dəfə elə bircəciklərimizlə yaşanır?

Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova

Top