Bahəddin Həzi həqiqəti

Bahəddin Həzi həqiqəti


"Göyün cazibə qüvvəsi”nə qalxıb, sözün cazibə qüvvəsinə toplaşdıq bu gün. Oxucularını və sevənlərini bu məkana toplayan təkcə bir kitab, bir tədbir, bir görüş deyil, Bahəddin Həzi sözünün və şəxsiyyətinin cazibə gücü idi. Bu yayın istisində uzaqda olanı uzaqdan, yaxında olanı yaxından çəkib gətirən də elə həmin görünməz qüvvədir.

Deyirlər, hər sözün bir çəkisi var. Amma Bahəddin Həzinin sözü çəki ilə ölçüləcək söz deyil. O söz insanın vicdanına enir, yaddaşına hopur, ömrünə qarışır.

Bahəddin Həzi çıxışında Seyran Səxavətin “Nekrolq” romanından təsirli bir fraqment danışdı:

 Gedib-gələni azalan kəndlərin birində bir idman müəllimi hər gün şagirdləri itməkdə olan əsas yolla, kəndin çıxışına qədər aparıb, gətirirmiş. Məktəb direktorunun “Bu uşaqları niyə hər gün belə yorursan?” sualına müəllim cavabında deyir:”Mən istəyirəm ki, bu kəndin yolu itməsin!”  - O, bunu obrazlı olaraq kitab mağazalarna, kitab evlərinə gedən yollarla əlaqələndirdi.

Bu fikri dinləyəndə müəllifin hal hazırda  oxuduğum "Ölümcül həqiqətlər"i gözümdə canlandı. Kitabı oxuyarkən anlayırsan ki, tale onu dəfələrlə həyatla ölüm arasında sınağa çəkib. Elə bil ölüm onu çağırıb, həyat isə hər dəfə geri qaytarıb. Və düşünürsən ki, bəlkə də Tanrı onu məhz buna görə qoruyub – gördüklərini, yaşadıqlarını, ölümün nəfəsini duyduğu o anları sözə çevirsin deyə. Çünki, hər adam ölümə bu qədər yaxın olub həyat haqqında bu qədər canlı yaza bilmir. Hər adam ağrını bu qədər səmimi, ümidi bu qədər işıqlı ifadə etmir. Bahəddin Həzi də əsərdəki həmin müəllim kimi oxucularını sözün həqiqətinə gedən yolla aparıb-gətirir ki, bu yol da itməsin. Bu yerdə sevilən söz ustadı Seyran Səxavətin şeirindən bu bənd yerinə düşür:

Gözümdə qaranlıq, gözümdəd sabah
Yol var cığr yükü daşıya bilmir.
Deyirəm dünyanın işlərinə bax -
Yollar tapdanmasa yaşaya bilmir.

  Mənə elə gəlir ki, Bahəddin Həzini həyata bağlayan, həm də sözün cazibə qüvvəsidir. O söz ki, müəllifi yaşadır, oxucunu dəyişir, illəri keçir, amma öz cazibəsini itirmir.

“Litera” kitab evində toplaşmağımız da bunun ən gözəl sübutudur. Biz sözün çağırışına gəlmişik. Çünki, yerin, göyün cazibə qüvvəsi olduğu kimi, sözün də cazibə qüvvəsi var. O qüvvə insanı özünə çəkir, düşündürür, dəyişdirir və yaşadır.

Pərvanə Eyvazqızı


Top