
Naxçıvan Dövlət Milli Dram Teatrı "12-ci Beynəlxalq Erol Günaydın Teatr Günləri"ndə çıxış edəcək
Naxçıvan Dövlət Milli Dram Teatrı 23 fevral tarixində Türkiyənin Trabzon şəhərinin Akçaabat əyalətində keçirilən "12-ci Beynəlxalq Erol Günaydın Teatr Günləri" festivalında iştirak edəcək. Teatr festival çərçivəsində məşhur fransız yazıçısı Viktor Hüqonun "Edama məhkumun son günü" tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, rolları isə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Məmməd Mehdiyev və Səkinə Məmmədova canlandırır.
Beynəlxalq teatr festivalı 19-25 fevral tarixlərində baş tutacaq və Türkiyənin müxtəlif vilayətlərindən, həmçinin xaricdən teatr qruplarını bir araya gətirəcək. Tədbirin əsas məqsədi Akçaabat şəhərini teatr sənətinin mühüm mərkəzlərindən birinə çevirmək, mədəniyyətlərarası dialoqu və bədii əməkdaşlığı gücləndirməkdir.
Akçaabat Bələdiyyə Başçısı Osman Nuri Ekim festivalın əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür mədəni tədbirlər şəhərin inkişafına töhfə verməklə yanaşı, teatr sənətinin yayılmasına və gənc nəslin incəsənətə marağının artmasına xidmət edir.
Teatrın mətbuat xidmətindən EmpaTV-yə bildirilib ki, Naxçıvan Dövlət Milli Dram Teatrının festivalda iştirakı Azərbaycan teatr sənətinin beynəlxalq səviyyədə təbliğinə və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək.