"Hər bir uşağın parta arxasında oturmaq haqqı var"


Xüsusi Təhsil Mərkəzinin rəhbəri , Təhsil Nazirliyi tərəfindən keçirilən Grandın “Autizm parta arxasında” layihəsinin sahibi , pedaqoq müəllim Mədinə İsrafilovanın Empa TV-yə verdiyi müsabihəni sizə təqdim edirik .

* Əvvəla , sizi yaxından tanıyaq , özünüz haqda qısa məlumat verə bilərsiniz mi?
- Mən Mədinə İsrafilova , ixtisasca ibtidai sinif müəllimiyəm . Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə fəaliyyət göstərirəm . Məktəbdə fəaliyyət göstərməzdən əvvəl xüsusi pedaqoq kimi fəaliyyət göstərirdim , hal-hazırda hər 2 istiqamətdə paralel olaraq çalışıram.

* Xüsusi Təhsil Mərkəzi olaraq məqsədiniz nədən ibarətdir?
- Əsas məqsədim :
- Bilirsiniz ki , Təhsil Nazirliyi tərəfindən inklusiv təhsilə böyük önəm verilir . Mən də istər öz sinfimdə , istərsə də respublikada fəaliyyətdə olan digər siniflərdə də göstərməyə çalışıram ki ,  əslində inkişaf pozuntusu olan uşaqlar istər autizmli olsun , istərsə də daun sindromlu uşaqlar olsun , onlarda digər uşaqlar ilə bərabər təhsil ala bilsinlər . Bunu işimizlə göstərməyə çalışırıq . Buna görə də ,  komandamıza daha çox müəllim , mütəxəssis qataraq yardım edə biləcəyimiz uşaqların sayını artırdıq.
 
* Hansı tip uşaqlarla görüşlər keçirilir?
- Hər növ inkişaf pozuntusu olan uşaqlar ilə çalışırıq . Daun sindromlu , autizm spektr pozuntusu , zəka yetərsizliyi və buna bənzər bir çox problemi olan uşaqlar ilə çalışırıq.

* Tam olaraq iş prinsipiniz nədən ibarətdir?
- Bildiyiniz kimi ,  çalışdığımız uşaqların xüsusi qayğıya ehtiyacı var. Bu səbəbdən sıradan pedaqoji xidmətdən fərqli olaraq , daha diqqətli və daha həssas olmağa çalışırıq . Xüsusi qayğıya ehtiyacı olan uşaqları öz reklam obyekimizə çevirmir , onlara vicdanla yardım göstərir , onların səs və  görüntülərini qəti şəkildə paylaşmırıq . Sadəcə valideynlərimizi iş prinsipimizlə tanış etmək və hansı tip uşaqlara yardım edə biləcəyimizi göstərmək məqsədilə maarifləndirici görüntülər paylaşırıq .
Əsas iş prinsipimiz xüsusi qayğıya ehtiyacı olan uşaqları məktəbə hazırlamaqdır . Qeyd edim ki bu uşaqları təkcə məktəbə deyil , sosial həyata da hazırlayırıq.

* Valideynlərlə mütəmadi görüşlər keçirmisiniz mi?
-  Biz valideynlərlə mütəmadi olaraq təmənnasız və ödənişsiz görüşlər keçiririk . Görüşlərdə , valideynlərlə inkişaf pozuntusu olan uşaqların simptomatik əlamətləri və onların təlim tədris həyatı ilə bağlı maarifləndirici mövzular üzrə danışıqlar aparırıq . Bununla da ,  valideynlərə göstərməyə çalışıram ki , onların da uşaqları məktəbə gedə , təhsil ala bilər.

* Uşağın təlim və təhsil həyatında valideynin rolu nədən ibarətdir ?
- Çox önəmli sualdır , bəzi valideynlər də belə bir fikir yaranır ki , əgər övladımda inkişaf pozuntusu varsa və onu hər hansı bir mütəxəssisə əmanət edirəmsə , artıq məsələ həll olunub  . Bütün gözləntiləri həmin mütəxəssisdən olur . Lakin özəlliklə vurğulayıram ki , inkişaf pozuntusu olan uşağın ilk təlimçisi , mütəxəssisi anasıdır . Anadan çox şey asılıdır , hətta deyərdim ki , işin 50% -i  . Əgər ana mütəxəssislə əməkdaşlıq edə bilirsə , bu həmin uşaq üçün ikiqat irəliləyişdir . Buna görə də analara bildirmək istəyirəm ki , mütəxəssislə ünsiyyətə , əməkdaşlığa açıq olsunlar , digər bir tərəfdən də bu mövzuda çox tələbkar olsunlar.

•Sizcə valideynlərin övlad böyüdərkən etdiyi səhvlər nələrdən ibarətdir ?
- Hər bir valideyn övladını böyüdərkən ən doğrusunu etdiyini düşünür , səhv edirsə də bunu fərqində olmadan edir . Keçirdiyimiz valideyn görüşlərində məqsədimiz də , hal-hazırki informasiya çoxluğunda valideynlərin zehinlərindən lazımsız informasiyalardan təmizləmək , onlara doğru informasiyaları tapmaqda kömək etmək , doğru bilinən yalnışları , mifləri göstərməkdir . Məsələn , hər hansı bir uşaq danışmırsa , autizmlidir və ya çox hərəkətcildirsə , hiperaktivlik pozunutusudur .  Bu kimi anlayışları onların zehnindən silməli və onları maarifləndirməliyik .

* Uşaqların inkişafında hansı metodlardan istifadə edirsiniz?
- Uşaqların inkişafında ümumiyyətlə , bizim tərəfimizdən həm fərdi , həm də qrup şəklində olmaqla , pedaqoji və psixoloji seanslar keçirilir . İstər psixoloji , istərsə də pedaqoji seansların proqramı sırf fərdi olaraq uşaqlara , yəni differensial təlimə əsaslanmışdır . Uşaqların hər birini təlimə qəbul etməmişdən əvvəl diaqnostik dəyərləndirmədən keçirdir və  bu dəyərləndirmə əsasında  uyğun proqram tərtib edirik.

* Bildiyimiz kimi , Grandın sahibi olmusunuz . Bundan sonrakı məqsədləriniz haqda məlumat verə bilərsiniz mi?
- Təhsil Nazirliyi Bakı şəhəri idarəsi tərəfindən "Autizm parta arxasında” adlı layihədə 6-cı Grand  idi  . Layihə 10 məktəbi əhatə edirdi . Biz 10 məktəbdə müəllim kollektivinə maarifləndirici təlimlər keçdik və onları vəsaitlərlə təmin etdik. Bundan sonrakı məqsədimiz bunu təkcə Bakıda yox , bütün Respublikada həyata keçirməkdir . Sentyabr ayından etibarən rayonlara səfərlərimiz başlayacaq və "Autizm parta arxasında"  layihəsini budaqlandırmağa çalışacağıq ki , ucqar kəndlərdə olan uşaqlar da bu layihələrdən yararlana bilsinlər . Və bu tip uşaqları “dəli” adı altında cəmiyyətdən , təhsildən kənarda saxlayırlar . Və biz , həmin bu ucqar kənd və rayonlarda , valideynlərə , müəllimlərə göstərəcəyik ki , bu uşaqlar heç də dəli deyillər . Elə uşaqlar var ki , cüzi bir dəstəklə onları cəmiyyətə qazandırmaq olar və biz də bunun üçün çalışırıq ki , həmin uşaqlar da cəmiyyətə qoşulsun  .

Və sözlərini “Hər bir uşağın parta arxasında oturmaq haqqı var və bu haqqı heç kim onların əlindən ala bilməz.” - deyə bitirdi.

Səbinə Məmmədova
EMPA TV
Top