
YALAN DANIŞMAĞIN PSİXOLOJİ TƏSİRİ
İnsanların yalan danışmaq üçün daim müxtəlif səbəbləri olmuşdur. Kimiləri özlərini qorumaq, kimiləri sadəcə xoş görünmək üçün yalana yol verirlər. Lakin yalan danışmaq yalnız sosial baxımdan yox, psixoloji baxımdan da insanlara ciddi təsir edir. Bu zaman həmin şəxslərdə emosial pozuntular, yaddaşda zəifliklər və stress səviyyəsinin artması kimi hallar müşahidə olunur. Araşdırmalar onu göstərir ki, yalan danışmağa öyrəşən insan artıq bir müddət sonra vicdan əzabı duymur və bundan narahatlıq hissi keçirmir.
İsveçin Göteborq Universitetinin alimləri son beş ildə müxtəlif ölkələrdən olan 50 ekspertin rəyini təhlil edərək yalanın aşkarlanması ilə bağlı araşdırma aparıblar. Mütəxəssislərin 72%-i yalanın ən etibarlı göstəricisinin insanın nitq xüsusiyyətləri olduğunu müəyyən ediblər.
Əgər ifadələrdə çox az təfərrüat varsa, bu, məlumatın etibarsız olduğunu göstərə bilər.
Gəlin, yalan danışan insanların bir neçə ortaq xüsusiyyətinə baxaq.
1. Bu insanlar danışarkən jest və mimikadan nəzərə çarpan şəkildə çox istifadə edirlər. Onların nitqi az olur, ifadələri üstünlük təşkil edir. Tez-tez üzə, boyuna toxunmaq və ya səbəbsiz öskürməkləri də diqqət çəkir.
2. Yalan danışan şəxs şübhəsiz ki, öz yalanını ört basdır etmək üçün söhbətdən, mövzudan uzaqlaşacaq, başqa yerlərə çəkməyə çalışacaq. Həmçinin, birbaşa ifadələrdən imtina edəcək. Cavab verməkdən də yayınacaq.
3. Söhbət etdiyi şəxsi öz fikirlərinə
inandırmaq üçün yüksək dərəcədə səy göstərəcək. Bu vaxt yalan danışan şəxs çox rahat və arxayn bir hal alır. Sanki, önündəkinin fikirlərini, düşüncələrini diqqətə almır. Yalnız öz dediklərini yeritməyə çalışacaq.
4. Bir digər müşayiət edilən hallardan biri də "aqressiya"dır. Bu şəxslər qarşısındakının ona inanmadığını hiss etdikdə və ya buna bənzər nələrsə gördükdə qəzəblənməyə başlayır, həmsöhbətini təhqir edir.
5. Manipulyasiya isə yalan danışan şəxslərin tez-tez müraciət etdiyi üsuldur. Həmin şəxslər, əsasən, cavab vermək əvəzinə boş ifadələrdən istifadə edir. Ünsiyyətdə olduğu insana özünü qəbul etdirmək kimi bir sıra səylər göstərir.
Müxtəlif tədqiqatlar onu göstərir ki, çox yalan danışan insanlarda şəxsiyyət pozuntuları inkişaf edə bilər.
Məsələn, "Pataloji yalançılıq" vəziyətində insan öz danışdığı yalanlara artıq inanmağa başlayır, reallıqla arasında olan sərhəd pozulur. "Narsistik şəxsiyyət pozuntusu"da isə fərd yalanlarını sırf kiminsə gözünə yaxşı, uğurlu biri kimi görünmək üçün söyləyir. Tək istəkləri isə daim diqqət mərkəzində qalmaq olur. Digər bir hal- "Antisosial şəxsiyyət pozuntusu"dur. Bu şəxslər yalanı tamamilə şüurlu şəkildə, hər şeyin fərqində ola-istifadə edirlər. Onlar üçün sadəcə öz şəxsi mənfəətləri önəmlidir, başqalarının hisslərinə, hüquqlarına və sosial normalara məhəl qoymurlar.
Bəs yalanın qarşısını necə ala bilərik?
Yalan danışmağın qarşısını almaq həm sosial, həm də fərdi cəhətdən xüsisi önəm kəsb edir. Bu davranış insanın gündəlik həyatına, münasibətlərinə mənfi təsirinin olduğu aydındır. Yalanla mübarizə üsullarını öyrənmək daha sağlam bir cəmiyyət üçün çox vacibdir. Bunun üçün ilk olaraq insanlarda dürüstlük yaratmaq, buna təşviq etmək, insanlara "yalan danışmağın normal olmadığını" izah etmək lazımdır. Nəticə etibarilə, dürüstlüyün yalnız şəxsi keyfiyyətdə yox, həm də cəmiyyətdə sağlam ünsiyyətlərin də yaranmasında rolu böyükdür.