Saxlanılan qondarma Dağlıq Qarabağ rəsmilərini neçə il həbs cəzası gözləyir?

Saxlanılan qondarma Dağlıq Qarabağ rəsmilərini neçə il həbs cəzası gözləyir?


Azərbaycan 1997-ci ildən indiyə kimi qondarma Dağlıq Qarabağ Respublikasına rəhbərlik etmiş şəxsləri saxlayıb.

Hüquqşünas Əsabəli Mustafayev Sonxeber.az-a bildirib ki, onları ömürlük həbs cəzası gözləyir.

"Baş Prokurorluğun məlumatına istinadən şərh verə bilərəm. Separatçılar çox ağır cinayətlərdə ittiham olunurlar. Bunlar ilkin ittihamlardır, sonradan daha çox ola bilər. İndiki ittihamlarla onları ömürlük cəza gözləyir. Bu, tək xalqa edilmiş cinayət deyil, həm hərbi cinayət, qanunsuz silahlı birləşmə yaratmaq, dövlət quruluşunun idarə sistemini dəyişməkdir. Azərbaycan konstitusiyasına zidd olaraq qondarma respublika yaratmışdılar. Hər maddə ayrı-ayrılıqda ömürlük həbs cəzası nəzərdə tutur. Yəqin ki, ömürlük cəzaya məhkum olunacaqlar" ,- deyə o bildirib.

Əsabəli Mustafayev Azərbaycanın Zəngəzur dəhlizinin açılması müqabilində separatçılar əfv olunmasını da istisna etmir:

"Burda həm də siyasi məsələlər var. Ola bilsin ki, Azərbaycan beynəxalq qüvvələrlə, Fransa, ABŞ ilə sövdələşməyə gedə bilər. Ermənistanla sülh müqaviləsinin bağlanması, ərazi bütövlüyünün tanınması ilə bağlı siyasi danışıqlar getməlidir. Azərbaycanın xeyrinə ola biləcək nəysə ilə dəyisdirilə bilərlər. Tutaq ki, Zəngəzur dəhlizinin alınması ilə Naxçıvanla nəqliyyat hissəsinin açılması danışıqların tərkib hissəsi olsun. Ancaq hazırda onları ömürlük həbs cəzası gözləyir".

Qeyd edək ki, Ruben Vardanyan, Levon Mnatsakanyan, Davit Babayan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan, Ararat Melkumyan, Arşavir Qaramyan, Aleksandr Bordov, Davit Manukyan DTX tərəfindən saxlanılıb.

Şəbnəm Lətifi

Top