
"Azərbaycan regionda sülhməramlıların regionda qalması ilə bağlı heç bir sənəd imzalamayacaq"-POLİTOLOQ
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda çıxış edib. Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağı məqsədəuyğun hesab etməyib və buna ehtiyac da yox idi.
Yaxın danışıqlar zamanı Rusiya sülhməramlıların regionda qalma müddətinin uzadılması ilə bağlı məsləni gündəmə gətirə bilər. Bununla bağlı, politoloq Məhəmməd Əsədullayev BiG.AZ-a açıqlama verib:
"Rusiya sülhməramlı qüvvələri 10 noyabr birgə bəyanatına uyğun olaraq atəşkəsi təmin edib. Azərbaycan onlara əlavə hüquqlar verməyib. Azərbaycan antiterror əməliyyatından sonra bölgə də vəziyyət tamamilə dəyişib. Ermənilər könüllü surətdə Qarabağı tərk edir. Burada artıq hər hansı silahlı erməni birləşməsi yoxdu. Buna görə də Rusiya sülhməramlı qüvvələrin artıq fəaliyyəti sual doğurur. Onların Qarabağdan çıxarılması istiqamətində addımlar atılacaq. Artıq bir neçə postunu onlar bağlayıblar. Düşünürəm ki, təbii ki Rusiya öz kontingentini saxlamağa çalışacaqdır. Azərbaycan buna imkan verməyəcək. Onlar region olaraq Azərbaycanın ərazisindədir. Yəni daxilindədir. Cənab prezident İlham Əliyev onların buradakı fəaliyyətinə tez bir zamanda xitam verəcək. Ümumiyyətlə Rusiya prezidenti dediklərindən asılı olmayaraq regionda gedən proseslər Azərbaycanın daxili məsələsidir. Hesab edirəm sülhməramlıların bölgə də qalmasının uzadılması barədə hər hansı bir sənədə imza atmayacaq"
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Qarabağda təmas xətti boyunca sülhməramlıların müşahidə məntəqələrinin mərhələli şəkildə ləğv edildiyi barədə məlumat verib: "Rusiya sülhməramlıları Qarabağda keçmiş təmas xətti boyunca Əsgəran, Ağdərə və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Təhlükəsizliyin təmin edilməsi və mülki əhaliyə münasibətdə humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı fəaliyyət davam etdirilir", - deyə Rusiya MN bildirib.